Ana Sayfa > Karusel / Səhiyyə > Süni mayalanma ilə doğulan uşaqlarının atası olmadığını 7 il sonra bildi

Süni mayalanma ilə doğulan uşaqlarının atası olmadığını 7 il sonra bildi


12-02-2024, 14:55. Yazar: Admin

suni-mayalanma-ile-dogulan-usaqlarinin-atasi-olmadigini-7-il-sonra-bildi

Azərbaycanda süni mayalanma etdirən ailədə boşanma qərarı verdikdən sonra atalıqla bağlı tərəddüdlər meydana çıxıb. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə vəkil Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Ali Məhkəmənin Mülki Kollegiyasının 2021-ci ildə verdiyi qərarı mübahisələndirərək məhkəmə materiallarını yayımlayıb. Analoji halın son vaxtlar təkrarlandığını, buna oxşar məhkəmə işlərinin də olduğunu vurğulayıb. 

Belə ki, ərlə arvad arasında 2005-ci nikah bağlanıb. Övladı olmayan cütlük dörd il sonra, 2009-cu ildə tibb müəssisələrindən birinə müraciət edərək türkiyəli həkim Öndər Tulumbacının rəhbərliyi ilə süni mayalanma etdiriblər. Nəticədə cütlüyün əkiz övladı doğulub. Lakin uşaqlar doğulandan 7 il sonra cütlük boşanıb və yalnız bu zaman kişi övladı bildiyi uşaqların bioloji atası olmadığını öyrənib.

Uşaqların anası məhkəmə qərarı ilə övladlarından birini özündə saxlamaq istəyən kişiyə onların donor atadan doğulduqlarını bildirib. Lakin uşaqlarının bioloji atası olmayan kişidən aliment də tələb edib. Bundan sonra özəl klinikalardan birinə müraciət edən kişi analiz nəticəsində heç vaxt ata ola bilməyəcəyini öyrənib. O, uşaqların atası kimi özünün adının yazılması qeydlərinin və aliment tələbinin ləğvi ilə bağlı məhkəməyə müraciət edib.

Lakin məhkəmədə cavabdeh qismində çıxış edən ana keçmiş həyat yoldaşının əvvəlcədən donorla bağlı məlumatlı olduğunu iddia edib. Birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməyib. Nəsimi Rayon Məhkəməsi 2018-ci ildə çıxardığı qərarda bunu onunla əsaslandırıb ki, süni mayalanma və ya embrion transplantasiyası etdirən şəxslər bununla bağlı yazılı razılıq verməlidirlər. Belə razılığın olması onların uşağın valideyni kimi yazılması üçün əsasdır. Həm də valideynlərdən hər ikisinin və ya birinin uşağın genetik valideyninin olub-olmamasının əhəmiyyəti yoxdur. 

Həmçinin uşağın atalığı qeydə alınarkən atası kimi qeydə alınan şəxs gerçək ata olmadığını bilməyibsə, bu barədə sübutlar təqdim etməklə, atalığı mübahisələndirilə bilər. Yəni məhkəmənin mövqeyinə görə, iddiaçı donor kimi ondan istifadə edilməməsindən məlumatlı olmalı idi. 

Daha sonra iddiaçı Ali Məhkəməyə müraciət edərək qətnamənin ləğvini tələb edib. Növbəti proseslərdə süni mayalanmanı icra edən tanınmış həkim Tulumbacının da ifadəsi alınıb. O izahatında bildirib ki, hər iki tərəfdən süni mayalanmada donordan istifadə olunması ilə bağlı razılıq alınıb. Müvafiq ərizə və müqavilə olmadan belə əməliyyat həyata keçirilə bilməzdi. Lakin həkim o zaman əməliyyatı icra etdiyi tibb müəssisəsi ilə əməkdaşlığı dayandırdığını və sözügedən sənədə çıxışının olmadığını qeyd edib. 

Apellyasiya instansiyası isə Səhiyyə Nazirliyini işə üçüncü tərəf kimi cəlb edib. Nazirliyin nümayəndəsi bildirib ki, sözügedən müqavilənin mövcud olub-olmamasından məlumatlı deyil. Hazırda onlarda həmin müqavilə yoxdur. Tələb olunan sənədlər nazirliyin arxivində saxlanılmır. Növbəti prosesdə isə Səhiyyə Nazirliyinin nümayəndəsi, ümumiyyətlə, iştirak etməyib. Ali Məhkəmənin Mülki Kollegiyası sonda - 2021-ci ildə qərar verib ki, iddiaçı bioloji ata olmadığını bilmədiyini və buna razılıq vermədiyini sübut etməlidir. Kişinin razılığı olmadan klinika belə əməliyyat apara bilməzdi.

Vəkil Əkrəm Həsənov məhkəmənin bu məsələdə düzgün qərar vermədiyini düşünür. Onun sözlərinə görə, bu halda iddiaçı özünün donor olmamasından xəbərsiz olduğunu sübut edə bilməz, bu sübutu klinika təqdim etməlidir: “Bu arqumentlər əlbəttə ki, gülüncdür. Kişi necə sübut etsin ki, razılıq verməyib? Əksinə, klinika sübut etməlidir ki, kişi yazılı formada razılıq verib. Amma klinika həmin razılığı məhkəməyə təqdim edə bilməyib. Deməli, razılıq da olmayıb. Olmayıbsa, digər kişinin donorluğundan istifadə qanunsuz olub. Arvad və klinika (həkim) sövdələşərək kişini aldadıblar.

Odur ki, süni mayalanmaya gedən kişilər və qadınlar! Müqaviləni dönə-dönə oxuyun, həkimləri dəfələrlə xəbərdar edin ki, fırıldaq etməsinlər. Ən əsası isə uşaq doğulandan sonra azı iki fərqli yerdə DNT analizi etdirin ki, uşağın valideyni olduğunuza əmin olasınız. Xüsusən də bu kişilərə aiddir”.

 

 


Geri dön