Ana Sayfa > Karusel / Siyasət > Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib


8-02-2024, 09:42. Yazar: Admin

Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

Azərbaycan Respublikasında yüksək səviyyədə keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi - əziz Qardaşımı səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən sonsuz məmnunluq duyuram.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyevə ünvanladığı təbrik məktubunda vurğulanıb.

Bildirilib ki, seçkilərdə İlham Əliyevin namizədliyinin əhali tərəfindən hərtərəfli dəstəklənməsi xalqın irəli sürdüyü strateji proqram və planlara sonsuz inamının əyani təzahürüdür.

"Bu, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olması, ölkənizdə bütün sahələrdə aparılan genişmiqyaslı islahatlar və böyük quruculuq işləri ilə bilavasitə bağlıdır desəm, əsl həqiqəti ifadə etmiş olaram. Bu gün Sizin - öz xalqının həqiqi müdrik liderinin, vətənpərvər və fədakar, görkəmli siyasi xadiminin rəhbərliyi ilə Azərbaycan dövləti şanlı zirvələri fəth edir və onun beynəlxalq arenada nüfuzu, etibarı getdikcə artmaqdadır. Heç şübhəsiz, Sizin bu yüksək vəzifədə fəaliyyətiniz dövlətçiliyin əsaslarının hərtərəfli möhkəmlənməsinə və cəmiyyətin müasirləşməsinə, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə, ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasına xidmət edəcəkdir. Əziz qardaşım, bu məqamda xüsusi qeyd etmək istərdim ki, son illərdə bizim ali səviyyədə fəal təmaslarımız və aramızda olan sıx qardaşlıq münasibətlərimiz, həyata keçirilən konkret layihələr və “yol xəritələri” qarşılıqlı faydalı əlaqələrimizə güclü təkan verir", - deyə vurğulanıb.

Şavkat Mirziyoyev bildirib ki, Özbəkistan və Azərbaycan arasında çoxtərəfli əlaqələrin sürətli inkişafı ili elan edilən cari il ərzində daha on yeni sahə üzrə, o cümlədən kimya, neft-qaz, mədənçıxarma, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, əczaçılıq, tikinti materialları və bank-maliyyə sahələrində əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş böyük planlar tam şəkildə həyata keçiriləcək.

"Əminəm ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində uzunmüddətli strateji tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi rifahı naminə bundan sonra da səmərəli şəkildə inkişaf edəcəkdir.

Heç şübhəsiz ki, Zati-alinizin gələcəkdə ölkəmizə həyata keçiriləcək səfəri mövcud potensialımıza və imkanlarımıza uyğun olaraq çoxşaxəli və dostluq əlaqələrimizi tamamilə yeni səviyyəyə ucaldacaqdır.

Hörmətli İlham Heydər oğlu, bu mühüm qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz güc-qüvvət, ailə səadəti, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram", - deyə təbrik məktubunda bildirilib.


Geri dön