Ana Sayfa > Karusel / Yazar > Səni döyüb şalvarını çıxarsalar, onları bağışlayarsan?..

Səni döyüb şalvarını çıxarsalar, onları bağışlayarsan?..


5-02-2024, 16:22. Yazar: Admin

Səni döyüb şalvarını çıxarsalar, onları bağışlayarsan?..

 


Ötən həftə idmançı həmkarları tərəfindən döyülən tanınmış məşqçi Həsən Əzizov ona qarşı ağlasığmaz zorakılıq edən şəxslərlə barışıb. Həsən ərizə yazaraq, onu döydükləri üçün həbs edilən şəxslərdən - Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev, tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədovdan şikayətçi olmadığını bildirib. 

Bu xəbər yayılandan bəri sosial şəbəkələr çalxalanır. Çox adam elə bilir ki, bununla da Həsəni təkləyən 6 nəfər məsuliyyətdən canını qurtaracaq. Amma çifayda! Bu gün Bakı Appellyasiya Məhkəməsində həbsdə olan idmançıların şikayətinə baxılıb. Məhkəmə xuliqanlıq edən idmançıların şikayətini təmin etməyib. Hazırda faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq davam edir. Əgər istintaq prosesi uzanmasa, uzağı 2 ay sonra həmin idmançılar hakim qarşısına çıxarılacaq. 

Xuliqanlıq etdikləri üçün saxlanılan idmançılar həbs ediləcək, yoxsa məhkəmə zalından azadlığa buraxılacaq - buna hakimlər qərar verəcək. Əminəm ki, qanun hər kəsi layiq olduğu yerdə oturdacaq.

Az-çox əlaqəsi, əhatəsi olan jurnalist kimi dəqiq bilirəm: onu döyən idmançıları bağışlamaq üçün ötən üç-dörd gündə Həsənə əlli yerdən minnətçi düşüblər. Ukraynada yaşayan, Bakıya qonaq gələn, amma Azərbaycan xalqının qonaqpərvərliyindən zərrə qədər də nəsibini almayan Həsənə minnətçi düşənlərin arasında tanınmış ictimai xadimlər, yazarlar, ziyalılar, hətta deputatlar da var. Eşitdiyimə görə, Həsənin yola gətirilməsində həmin adamlar əməlli-başlı canfəşanlıq ediblər. Xuliqanlıq edən idmançılar üçün dəridən-qabıqdan çıxan o adamların gündə yüz dəfə hüquqları pozulan sıravi vətəndaşlara görə əllərini ağdan-qaraya vurduqlarını heç kim görməyib. Qoluzorlu idmançılara qahmar çıxsalar da, bir dəfə yetim-yesirin haqqını qorumayıblar...

Mən barışın, mehriban olmağın tərəfdarıyam. Qonaq olduğum efirlərdən ən azı yüz dəfə demişəm ki, heyvanlar qoxlaşa-qoxlaşa, insanlar danışa-danışa anlaşır. Danışmaq, barışmaq yaxşı əməldir. Amma idmançılarla bağlı durum bir qədər fərqlidir. Onlar qoluzorludurlar. Bugün Həsəni, sabah da məni döyə bilərlər. Yəni, bizim hörmətli ziyalılarımızın təşəbbüsü heç də sülhə, mehribanlığa xidmət etmir. Əksinə, bu cür hallar ölkədə cəzasızlıq mühitinin yaranmasına təkan verir. Əmin olun ki, sabah yenə hansısa idmançı öz gücünü rəqibin deyil, başını aşağı salıb öz yolu ilə gedən sadə vətəndaşın üzərində sınayacaq. Fikirləşəcək ki, uzaqbaşı 1-2 tanınmış adam tapacam, onlar da araya girib barışıq yaradacaqlar… 

Yazını bura qədər səbrlə oxuyanlar üçün təkrar yazıram: yuxarıda adı çəkilən 6 idmançı Həsən Əzizovu 4 yaşlı oğlunun gözünün qarşısında döyüblər, üstəlik, şalvarını çıxarmağa cəhd ediblər. Əgər Həsən idmançı yox, bizim kimi siravi vətəndaş olsaydı, şalvarını çoxdan başına keçirmişdilər… 

Həsənə minnətçi düşən, onu təhqir edib aşağılayan idmançıları bağışlamaq üçün milli mentalitetdən, min illik adət-ənənədən, Koroğludan, Nigardan, Arazdan, Kürdən, Göyəzəndən dəm vuran adamlardan soruşuram: 4 yaşlı oğlunuzun gözü qarşısında sizi döyüb şalvarınızı əyninizdən çıxarsaydılar, onları bağışlayardınızmı? 

Qürbətdə yaşayan bir idmançıya mənəvi təzyiq edib ərzisəni geri götürtdüyünüz üçün şəxsən mən sizi bağışlamıram...

Seymur VERDİZADƏ 


Geri dön