Ana Sayfa > Karusel / Siyasət > Prezidentin Rəsulzadə ilə bağlı sərəncamı məmurları ürəkləndirdi

Prezidentin Rəsulzadə ilə bağlı sərəncamı məmurları ürəkləndirdi


31-01-2024, 12:25. Yazar: Admin

Prezidentin Rəsulzadə ilə bağlı sərəncamı məmurları ürəkləndirdi

 

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Prezident İlham Əliyevin sərəncamına əsasən, bu il Rəsulzadənin 140 illiyi qeyd olunur.
 

Bəs 140 illik hansı abu-havada keçirilir? 
 

Məsələ ilə bağlı Modern.az-a danışan tanınmış jurnalist, professor Qulu Məhərrəmli Prezident İlham Əliyevin Rəsulzadənin 140 illiyi ilə bağlı sərəncamının çox yaxşı addım olduğunu söyləyib:


“Bu, məmurları biraz ürəkləndirə bilir. Ancaq ümumiyyətlə, Rəsulzadəyə ənənəvi rəsmi məmur baxışı çox da qaneedici deyil. Yenə də hiss olunur ki, hansısa küncdə-bucaqda müəyyən xof, qorxu və qısqanclıq var. Yəqin ki, bu keçici məsələdir. Hesab edirəm ki, tarixi şəxsiyyətlərə olduğu kimi qiymət vermək lazımdır. Bir tarixi şəxsiyyəti layiqincə qiymətləndirmək, digər bir tarixi şəxsiyyətin rolunu və xüsusi çəkisini azaltmaq demək deyil. Ona görə məsələy bir az sağlam və dövlət düşüncəsi ilə baxmaq lazımdır".

Q.Məhərrəmli Rəsulzadənin 140 illiyi ilə bağlı vətəndaş cəmiyyətinin, xüsusən də elmi ictimaiyyətin çox fəal olduğunu söyləyib:
 

"Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı yazılar yazılır. Media da bu məsələləri işıqlandırır. Bu çox razılıq doğurur. Rəsulzadənin ev muzeyinin də iştirak etdiyi, mənim də üzv olduğum ictimai qrup onun xatirəsinə həsr olunmuş "2-ci beynəlxalq Rəsulzadə qiraətləri"ni keçirir. Bu çərçivədə elmi konfrans davam edir. Təşkilatçılar arasında Xəzər Universiteti, Ankara Universiteti və Varşava Universiteti də var. Biz çox məmnunuq. Sözügedən tədbirlərin keçirilməsi üçün çox əlverişli şərait var. İnsanlar sevgi ilə gəlir və sözlərini deyirlər. Ümumilikdə cəmiyyətin özünün yanaşması çox qaneedicidir. Əlbəttə, bu məmnunluq yaradır.  Rəsulzadə bizim tariximizin çox böyük simasıdır. O, Azərbaycan istiqlal məfkurəsinin daşıyıcısı və müstəqil dövlət anlayışının simvoludur. Rəsulzadə cümhuriyyətin banisi və müstəqil Azərbaycanın ilk dövlət başçısı olub. Ona layiq olduğu qiyməti vermək bizim borcumuzudur".

 
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, professor Nəsiman Yaqublu Rəsulzadənin 140 illiyi ilə əlaqədar keçirilən tədbirləri yüksək qiymətləndirib:


"Rəsulzadənin 140 illi ilə bağlı atılan addımlar və keçirilən tədbirlər bizim görkəmli şəxsiyyətərimizə göstərilən diqqət və qayğının nəticəsidir. Rəsulzadə ilə bağlı bir sıra işlər də görülür. Bir müddət əvvəl  Akademiyada böyük bir tədbir keçirildi və mən də orada çıxış etdim. Bir sıra kitabxanalarda, müəssiələrdə tədbirlər oldu. Bu, bir daha sübut edir ki, Rəsulzadənin 140 illiyinə hökumət və mövcud dövlət kifayət qədər şərait yaradıb. Mənə elə gəlir ki, kifayət qədər böyük işlər görülməkdədir".

N.Yaqublu Rəsulzadə İrsini Araşdırma Mərkəzinin gördüyü işlərdən də bəhs edib:


"Düşünürəm ki, Rəsulzadə irsinin araşdırılıb təqdim edilməsi bağlı Rəsulzadə İrsini Araşdırma Mərkəzi olaraq bu günə qədər kifayət qədər iş görmüşük. Rəsulzadənin çoxlu sayda kitabını nəşr etmişik. Hazırda isə Rəsulzadənin mühacirətdə yazdığı əsərlərinin 10 cildliyini nəşrə hazırlayırıq. Birinci, ikinci cildləri artıq nəşr etmişik. Üçüncü cildi isə hazırlayırıq. Avropa ölkələrində mühacirətdə olarkən yazdığı yazıları üçüncü cildə salacağıq. Düşünürəm ki, bunlar Rəsulzadənin 140 illiyinə böyük töhfəmiz olacaq. Daha sonra Rəsulzadənin Polşa, Almaniya, Fransa və digər ölkələrdə yazdığı əsərləri də toplayıb nəşr etdirəcəyik.

Rəsulzadənin 140 illiyində diqqət göstəriləcək mühüm məsələlərdən dövlətin bizə bu işlərdə dəstək göstərməsidir. Yəni Rəsulzadənin 10 cildliyinin nəşrinə dövlət dəstək göstərsə, biz işi daha da intensivləşdirərik. Kifayət qədər çox yazıları toplayıb Azərbaycan oxucusuna təqdim edərik. Məlumdur ki, Rəsulzadə ömrünün böyük hissəsini mühacirətdə yaşayıb və çox zəngin irsi də mühacirətdədir. Biz onları toplayıb çatdırmaqla həm də 140 illiyə böyük töhfə vermiş olarıq. Ona görə də düşünürəm ki, bizim Rəsulzadə İrsini Araşdırma Mərkəzi dövlət tərəfindən dəstəklənsə, dövlət qeydiyyatından keçirilsə və büdcədən maliyyələşsə, yaxşı iş olar. Biz Rəsulzadə ilə əlaqədar araşdırmalarımızı intensivləşdirərik.

Nəhayət, onu da qeyd edim ki, Rəsulzadənin mətbuat haqqında yazılarından ibarət 342 səhifəlik kitabını da nəşr etdirmişik. Bu, Rəsulzadənin 140 illiyinə hesab edirəm ki, ən böyük töhfə oldu. Çünki Rəsulzadənin mətbuat haqqında 56-ya yaxın yazısını topladım. Onları tədqiq edib oxuculara çatdırdım. Kitabın bir hissəsi rus, bir hissəsi ingilis dilindədir. Əlbəttə, əsas hissəsini Azərbaycan dilində hazırlayıb oxuculara çatdırdım. Kitabın  yaxın günlərdə böyük bir təqdimat mərasimi olacaq".


Geri dön