Ana Sayfa > Karusel / İqtisadiyyat > “AzerGold”un yeni istiqraz layihəsi ilə bağlı mərasimi keçirilib
“AzerGold”un yeni istiqraz layihəsi ilə bağlı mərasimi keçirilib29-01-2024, 13:17. Yazar: Admin |
Yanvarın 29-da Bakı Fond Birjasında “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) istiqrazlarının mütəşəkkil kapital bazarlarına daxil olması münasibətilə “Açılış zəngi” mərasimi keçirilib.
Qarabaqinfo.az xəbər verir ki, mərasimdə Bakı Fond Birjasının İdarə Heyətinin üzvü – Baş Kommersiya inzibatçısı Oqtay Qasımov, “AzerGold” QSC-nin Maliyyə şöbəsinin müdiri Turan Hacıyev və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Vladimir Paxomov iştirak ediblər.
Qeyd olunub ki, “AzerGold” QSC-nin nominal dəyəri 100 ABŞ dolları, tədavül müddəti 3 il, ümumi dəyəri 20,000,000 (iyirmi milyon) ABŞ dolları olan istiqrazları illik 6% kupon dərəcəsi ilə emissiya edilməklə ölkəmizin qiymətli kağızlar bazarının inkişafına, vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanı yaratmağa xidmət edir.
Bildirilib ki, “AzerGold” QSC tərəfindən istiqrazlar ilk dəfə 2020-ci ildə Bakı Fond Birjasında hərrac üsulu ilə kütləvi ticarətə buraxılıb. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayter qismində çıxış etdiyi “AzerGold” istiqrazları 3 illik tədavül müddəti ərzində investorlara 2,400,000 ABŞ dolları məbləğində faiz gəlirləri qazandırıb.
Əlavə edilib ki, yeni istiqrazların tədavülü də kapital bazarında maliyyə alətlərinin şaxələndirilməsinə və investorlar üçün münbit sərmayə mühitinin formalaşdırılmasına mühüm töhfələr verəcək.
Mərasimin sonunda emitent – “AzerGold” QSC, Bakı Fond Birjası və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin nümayəndələri tərəfindən istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılıb. Geri dön |