Ana Sayfa > Karusel / Region > Qar Cəlilabadın 90 kəndini işıqsız qoydu - FOTO

Qar Cəlilabadın 90 kəndini işıqsız qoydu - FOTO


25-01-2024, 16:35. Yazar: Admin

Qar Cəlilabadın 90 kəndini işıqsız qoydu - FOTO

Güclü qar Cəlilabad şəhərinin bir hissəsi və rayonun 90 kəndini işıqsız qoyub.

 

Qarabaqifo.az xəbər verir ki, bu barədə Cəlilabad Rayon İcra Hakimiyyətindən məlumat verilib.

 

Qeyd edilib ki, Cəlilabad rayonunda yağan güclü qarın fəsadları və elektrik enerjisinin verilişində yaranmış fasilələrlə bağlı problemlər həll edilir.

 

Bildirilib ki, yanvar 23-dən Cəlilabad rayonuna aramsız yağan güclü qarın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər gündəlik və mütəmadi şəkildə davam etdirilir. Cəlilabad Rayon İcra Hakimiyyətində yaradılan Qərargah gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Görülmüş operativ tədbirlər nəticəsində şəhər və kəndlər arasında avtomobil yolları qardan təmizlənib, nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yaranmayıb. Şəhər ərazisində avtomobil yolları tamamilə qardan təmizlənib.

 

Qarın yağması nəticəsində elektrik təsərrüfatına ciddi ziyan dəyib. Belə ki, yanvarın 24-ü gecə saatlarında 10 kV-lıq elektrik hava xətlərinin 15 ədəd işıq dirəyi aşıb, 150 yerdən xətt qırılmaları olub, 3000 metr naqil sıradan çıxıb. Eyni zamanda, 0.4 kV-lıq paylayıcı elektrik hava xətlərində 50 ədəd işıq dirəyi aşıb, 700 yerdən xətt qırılmaları olub, 5000 metr naqil sıradan çıxıb. Həmçinin, 50 ədəd transformatorda qoruyucular yanıb. Nəticədə Cəlilabad şəhərinin müəyyən hissələrinə və rayonun 90 kəndinə elektrik enerjisinin verilişi dayanıb. Qəzaların əsasən meşəlik ərazilərdə, hərəkətin mümkünsüz olduğu əkin və relyefcə çətin yerlərdə baş verməsi yaranmış vəziyyətə müdaxilə olunmasına çətinliklər yaradıb.

 

Görülmüş operativ tədbirlər nəticəsində “Azərişıq” ASC tərəfindən rayona 5000 metr 10 kV-lıq elektrik xətləri üçün naqil, 45 ədəd elektrik dirəyi, 5000 metr 0.4 kV-lıq üçün SİP naqil, 100 ədəd dirək göndərilib. “Azərişiq” ASC-dən və regionlardan işlərin yerinə yetirilməsi üçün 7 ədəd kran, 10 ədəd yolsuzluq maşını, 5 ədəd xüsusi avadanlıqlarla təchiz olunmuş avtomobil, 50 nəfərdən ibarət qəza briqadası rayona ezam olunub.

 

Operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanvarın 25-də Cəlilabad şəhəri də daxil olmaqla 65 kəndə elektrik enerjisinin verilişi təmin olunub. 25 kəndə isə elektrik enerjisinin verilməsi, 10 və 0.4 kV-lıq hava xətlərində yaranmış qəzaların tam aradan qaldırılması üçün “Azərişıq” ASC-nin Cəlilabad Elektrik şəbəkəsi tərəfindən işlər davam etdirilir. ( "Report")

 


Geri dön