Yanvarın 24-nə keçən gecə Qırğızıstanda 2,5 və 6,5 bal gücündə iki zəlzələ baş verib.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi bildirib.
“Qırğızıstanın Seysmologiya İnstitutunun verdiyi məlumata görə, yanvarın 24-də saat 01:11-də baş verən zəlzələ İssık-Kul vilayətinin Ceti-Oğuz rayonunun Yştık kəndində və Ton rayonunun Kadji-Sai kəndində hiss olunub”, - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, yeraltı təkanlar saat 02:38-də 6,5 bal gücündə təkrarlanıb. İssık-Kul vilayətinin Jeti-Oğuz rayonunun episentrinə ən yaxın Qırğızıstanın Yştık, Kara-Sai, Bedel və Ak-Şırak kəndlərində zəlzələnin intensivliyi 3 bala yaxın olub.
“İlkin məlumata görə, zəlzələlər nəticəsində insan tələfatı və dağıntı olmayıb. Hazırda respublikanın zəlzələ baş vermiş rayonlarında Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Komissiyası ilə birgə yoxlama işləri aparır", - məlumatda deyilir.
Xatırladaq ki, bir gün öncə də paytaxt Bişkekdən 339 kilometr aralıda 5 bal gücündə zəlzələ baş verib. Qırğızıstanın paytaxtında isə yeraltı təkanlar təxminən 3-4 bal gücündə hiss olunub.
İlk güclü təkandan sonra maqnitudası 3-dən 6-dək olan təxminən on afterşok baş verib.
Respublika Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Qırğızıstan ərazisində baş vermiş yeraltı təkanlar nəticəsində ölən və xəsarət alan olmayıb.