Ana Sayfa > Karusel / Sosial > Hepatit A virusu və ondan qorunma yolları
Hepatit A virusu və ondan qorunma yolları19-01-2024, 11:16. Yazar: Admin |
Hepatit A qaraciyər və ya ödün funksiyasının pozulması nəticəsində yaranan virus xəstəliyidir. Mütəxəssislər onun əsasən su, təmas və qida vasitəsilə ötürüldüyünü bildirirlər. Hepatit A qarın boşluğunda və qaraciyərdə ağrılarla müşayiət olunur. Virusa yoluxanda gözün ağı, üzün, bədənin dərisi saraldığından xəstəlik daha çox sarılıq adı ilə məşhurdur.
Qarabaqinfo.az xəbər verir ki, həkim-infeksionist Mədinə Abdullayeva deyib: “İnsanlara ya yoluxmuş su və qida vasitələri və ya digər yoluxanlarla təmas nəticəsində keçə bilər. Ürəkbulanma, qusma, qarında diskomfort, ishal, eyni zamanda yüksək temperatur müşahidə edilə bilər. Xəstələrdə sidiyin rəngində tündləşmə, nəcisin rəngində isə dəyişiklik ola bilər”.
Onun dediyinə görə, virus özünü gec büruzə verdiyindən onu vaxtında sezmək çətindir. Xəstəlik dövrü adətən 2-6 ay həftədən bir neçə aya qədər davam edə bilər.
Həkim-infeksionist bildirib ki, hepatit A böyüklər arasında daha ağır və simptomatik, uşaqlarda daha yüngül keçir, amma yüngüllüyündən orta ağır və ağır formalarına qədər inkişaf edə və hətta ölümə səbəb ola bilir.
Virusdan özünü qoruma yolları barədə məlumat verən həkim-infeksionist deyib: “Mənbəyi bilinməyən və ya qaynanmamış sulardan istifadə etməmək məsləhətdir. Eyni zamanda, tərəvəz məhsullarını suda yuyandan sonra bir müddət sirkəli suda saxlamaq lazımdır. Əllərin tez-tez yuyulması və gigiyenaya əməl edilməsi də diqqət mərkəzində dayanmalıdır”.
TƏBİB-dən verilən məlumata görə, ötən il dekabrın axırlarında və bu il yanvarın ilk günlərində hepatit A virusuna yoluxan şəxslər tərəfindən tibb müəssisələrinə müraciətlər daxil olub. Yoluxanlar arasında həm böyüklər, həm də uşaqlar var. Böyüklərin müalicəsi Sabunçu Tibb Mərkəzinin yoluxucu xəstəliklər şöbəsində, uşaqların müalicəsi isə həm həmin şöbədə, həm də Nizami Tibb Mərkəzinin 1 saylı uşaq yoluxucu xəstəxanasının xüsusi ayrılmış korpusunda həyata keçirilir. Geri dön |