Ana Sayfa > Karusel / Gündəm > Fuad Muradov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü
Fuad Muradov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü17-01-2024, 12:22. Yazar: Admin |
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibi Mirzə Ələkbər Babayevlə onlayn formatda görüş keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Mirzə Ələkbər Babayevi üçüncü “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer alması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Qalibin Mentorluq proqramından gözləntiləri barədə fikirlərini dinləyən Fuad Muradov qeyd edib ki, bu proqram qaliblərin mövcud potensialının inkişafına, hədəflədikləri istiqamət üzrə bilik və bacarıqlarının artırılmasına xidmət etməlidir. Fuad Muradov fərdi inkişaf planları əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, Mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün dəstəyini əsirgəməyəcəyini söyləyib. Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Mirzə Ələkbər Babayev isə öz növbəsində Mentorluq proqramı çərçivəsində Fuad Muradova yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiyini bildirib.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (//yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb. Geri dön |