Ana Sayfa > Karusel / Sosial > Pensiyalar nə qədər və nə vaxt artacaq? - İZAH

Pensiyalar nə qədər və nə vaxt artacaq? - İZAH


16-01-2024, 15:07. Yazar: Admin

 

Pensiyalar nə qədər və nə vaxt artacaq? - İZAH

Bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov 2024-cü ildə pensiyalarda indeksləşdirmə aparılacağını bildirib.

 

İndeksləşdirmə pensiyaların məbləğini istehlak qiymətləri indeksi ilə əlaqələndirməklə inflyasiyadan qorunmaq vasitəsidir. Bu vasitə ilə ölkədə istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində gəlirlərdə yaranan itkilər tam və ya qismən kompensasiya edilir. Yəni, qiymətlər artdığı üçün pensiyaların da buna uyğun artması həyata keçirilir.

 

Qarabaqinfo.az-ın məlumatına görə, Azərbaycanda orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq aparılır. Orta aylıq nominal əməkhaqqını isə Dövlət Statistika Komitəsi müəyyən edir. 

 

İndeksləşmə Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilir. Qeyd edək ki, ötən il dövlət başçısı pensiyaların indeksləşməsi barədə sərəncamı fevral ayının 10-da imzalayıb.

 

DSMF sədri bir müddət əvvəl pensiyaların 10.8% indeksləşdiriləcəyini gözlədiklərini bildirib. Dövlət Statistika Komitəsi hələlik ötən ilin orta aylıq əməkhaqqı məbləğini tam açıqlamayıb. Komitənin açıqladığı məlumata görə, 2023-cü ilin ilk 11 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11.2% artıb və 923.1 manat olub.

 

Yəni, ötən ilin 11 ayında artım 11.2% olub. İndeksləşdirmə də dekabr ayının nəticələrinin açıqlanmasından sonra bu rəqəmə uyğun aparılacaq. Görünür, DSMF ötən il orta aylıq əməkhaqqının 10.8% artdığını gözləyir. Güman edilir ki, orta aylıq əməkhaqqının nə qədər artdığı tam məlum olduqdan sonra dövlət başçısı bununla bağlı sərəncam imzalayacaq. Beləliklə, pensiyaların, təxminən 11% artacağını gözləmək olar.

 

Qanunvericiliyə əsasən, həm əmək pensiyaları, həm də pensiya kapitalı indeksləşdirilir. Pensiya kapitalı isə ildə bir dəfə istehlak qiymətləri indeksinin (inflyasiya) illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. 

 

Dövlət Statistika Komitəsinin məlumatna görə, 2023-cü ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilə nisbətən 108,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 109,6 %, qeyri-ərzaq məhsulları üzrə 108,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,2 % təşkil edib. Yəni, ötən Azərbaycanda inflyasiya 8.8% olub. Pensiya kapitalının da bu səviyyədə artırılacağını ehtimal edilir.

 

Bəs, insanlar pensiyaları nə vaxt artımla alacaq?

 

DSMF sədri qeyd edib ki, indeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək. Qurumdan Qarabaqinfo.az-a verilən açıqlamaya görə, pensiyaların indeksləşdirilməsi ilə bağlı tezliklə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, ötən il büdcə müzakirələri zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə 436 manat təşkil edəcəyi gözlənilir, 2024-cü ildə isə 483 manat olacağı proqnozlaşdırılır:

 

"Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 466 manatdan 50 manat artaraq 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləğinin cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə cari ilin sonuna gözlənilən 407 manatdan 47 manat artaraq 454 manata yüksəlməsi proqnozlaşdırılır".


Geri dön