Ana Sayfa > Karusel / Gündəm > MSK-da Mətbuat qrupunun iclası keçirilib
MSK-da Mətbuat qrupunun iclası keçirilib16-01-2024, 14:51. Yazar: Admin |
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar yanvarın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində Mətbuat qrupunun iclası keçirilib.
Qarabaqinfo.az -ın xəbərinə görə, Mətbuat qrupunda təmsil olunan MSK üzvləri və qrup üzvü olan müvafiq media qurumları nümayəndələrinin, habelə beynəlxalq müşahidəçinin iştirak etdiyi iclasda ilk öncə Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat proseslərinin gedişi barədə məlumat verilib.
Bildirilib ki, yanvarın 15-dən etibarən seçkiqabağı təşviqat başlayıb və bu mərhələ səsvermənin başlanmasına 24 saat qalmış bitəcək. Müxtəlif siyasi partiyalar tərəfindən irəli sürülən, eləcə də öz təşəbbüsü ilə seçkilərə qatılan 7 namizəd qeydə alınaraq azad seçki mübarizəsinə qoşulub.
Eyni zamanda diqqətə çatdırılıb ki, seçkiqabağı təşviqatın aparılması üçün geniş imkanlar və hərtərəfli şərait təmin olunub. Belə ki, prezidentliyə namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşləri üçün 125 seçki dairəsi üzrə 139-u açıq, 139-u qapalı olmaqla, ümumilikdə 278 yer ayrılıb. Bütün təşviqat subyektləri üçün ödənişsiz olan bu yerlərdə, heç bir icazə almadan, sadəcə digər namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların görüşləri ilə üst-üstə düşməsin deyə, aidiyyəti dairə seçki komissiyasını əvvəlcədən məlumatlandırmaqla seçicilərlə görüşlər keçirmək olar. Seçki Məcəlləsi qanunvericiliklə qadağan olunmayan digər yerlərdən istifadə edilməsinin mümkünlüyünü də təsbit edir. Namizədlər tərəfindən müraciət olunarsa, bütün təşviqat subyektləri üçün bərabərlik prinsipi gözlənilməklə və eyni əsaslarla, dairə seçki komissiyalarının yerli qurumlarla əməkdaşlığı şəraitində başqa məkanların təmin olunması da nəzərdə tutulur.
O da vurğulanıb ki, bu seçkilərdə “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetindən əlavə, “Respublika” qəzetində də dərc imkanı yaradılıb və beləliklə, ödənişsiz əsaslarla seçkiqabağı təşviqat aparılması mümkün olan dövrü nəşrlərin sayı 4-ə çatdırılıb. Ödənişli əsaslarla seçkiqabağı təşviqat aparılması üçün mediadan daxil olan və təmin edilən 44 müraciət, əvvəlki illərlə müqayisədə medianın qarşıdan gələn seçkilərdə daha yüksək fəallığının göstəricisidir. Əlavə edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində qanunvericilikdə nəzərdə tutulandan 2 dəfə artıq – həftəlik 6 saat ödənişsiz efir vaxtı ayrılıb. Hüququ olan subyektlər həmin vaxtın 3 saatını televiziyada, 3 saatını isə radioda “dəyirmi masa” formatına uyğun istifadə edir. Yanvarın 15-də İctimai Televiziya və Radio Yayımları Şirkətində ilk debat keçirilib və qanunvericiliklə ziddiyyət təşkil edən hər hansı bir hal baş verməyib. Efir vaxtı müntəzəm olaraq günün daha baxımlı vaxtlarında – həftədə 3 gün hər dəfə 1 saat olmaqla saat 21:00-da televiziya izləyicilərinə, 3 gün də hər dəfə 1 saat olmaqla saat 21:00-da radio dinləyicilərinə təqdim olunacaq. Debatlar ilk dəfə İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəsmi sosial media hesabından birbaşa yayımlanır ki, bu da namizədlərin seçkiqabağı platformasının daha geniş auditoriyaya çatdırılmasında əlavə bir vasitə kimi önəmli rol oynayır.
İclasda MSK nəzdində Mətbuat qrupunun funksiya, səlahiyyət və vəzifələri də bir daha xatırladılıb. Qeyd edilib ki, fəaliyyəti Seçki Məcəlləsi və MSK tərəfindən qəbul edilmiş müvafiq əsasnamə ilə tənzimlənən Mətbuat qrupu mediada seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarəti həyata keçirir. Üzvlərinin əksəriyyəti jurnalistika sahəsində çalışan mütəxəssislərdən ibarətdir. Qrup öz fəaliyyətində seçkiqabağı təşviqata dair qanunvericiliklə müəyyən olunmuş tələbləri, MSK tərəfindən qəbul edilmiş, eləcə də digər normativ xarakterli aktları rəhbər tutur. Mətbuat qrupu, həmçinin mediada seçkiqabağı təşviqatın aparılmasının müəyyən olunmuş qayda və üsullarına əməl olunması üçün tədbirlər görür, zəruri hallarda həmin müraciətlər üzrə təkliflərini MSK-nın müzakirəsinə çıxarır.
Mətbuat qrupunun iclasında medianın seçkilərdə rol və vəzifələrindən də danışılıb və qeyd olunub ki, seçkiləri mediasız təsəvvür etmək qeyri-mümkündür. Media seçkilərdə azad və sərbəst şəkildə iştirak edir, ictimaiyyətin məlumatlandırılmasına mühüm töhfələr verir. Həm proseslərin aşkarlığının və şəffaflığının təmin olunmasında, həm seçkiqabağı təşviqat mərhələsində, həm də səsvermə günü öz peşə fəaliyyətini yerinə yetirərkən qanunvericilik media üçün hüquqlarla yanaşı, vəzifə və məsuliyyətlər də müəyyən edib. Seçki prosesinin bütün iştirakçıları Seçki Məcəlləsinin və müvafiq qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etməlidirlər.
İclasda, həmçinin Prezident seçkiləri ilə əlaqədar zərurət yarandıqda və ya aidiyyəti üzrə müraciət daxil olduqda Mətbuat qrupunun növbəti iclaslarının keçirilməsinin mümkünlüyü də diqqətə çatdırılıb.
Mətbuat qrupunun iclasının sonunda seçkilərin mediada işıqlandırılması, seçkiqabağı təşviqatla bağlı ümümi tələblər, bu mərhədə iştirak hüququ olan subyektlərin rol və vəzifələri, habelə mətbuat qrupunun funksiyaları ilə bağlı müxtəlif məsələlər ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Wha
Geri dön |