Ana Sayfa > Karusel / Gündəm > Əsl xalq Prezidenti
Əsl xalq Prezidenti13-01-2024, 12:19. Yazar: Admin |
Prezident İlham Əliyevin yerli televiziya kanallarına iki saatdan çox davam edən müsahibəsini müstəqilliyimizin bərpasından keçən 30 ilə bir baxış adlandırmaq olar. Prezident ölkəmizin bugünkü reallıqlarını məhz 1993-cü ildəki vəziyyətlə müqayisə etməyin düzgün olacağını bildirərək 1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunduğunu, dövlətçilik prinsiplərinin bərqərar olunduğunu və ölkənin davamlı inkişaf yoluna qədəm qoyduğunu vurğuladı. 2003-cü ildə keçirilmiş prezident seçkilərinə toxunan dövlətimizin başçısı həmin seçkiləri ölkəmizin tarixində həlledici məqam adlandırdı. 2003-cü il seçkilərində İlham Əliyevin inamlı qələbəsi Heydər Əliyev siyasi kursunun davam etdirilməsinə zəmanət yaratdı və sonrakı bütün uğurlar məhz Heydər Əliyev strategiyasının qətiyyətlə həyata keçirilməsinın nəticələri kimi ortaya çıxdı. Prezident İlham Əliyev ötən ilin 20 sentyabr tarixini müasir tariximizin yeni dövrünün başlanğıcı adlandırdı. Qarabaqinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə əldə olunan uğurların hamısını tarixi uğurlar adlandıran deputat deyib: “Dünyanın qeyri-sabit zamanında, bir sıra ölkələrdə inqilabların silsilə şəklində baş verdiyi və ölkələri viran qoyduğu bir vaxtda böyük güc mərkəzlərinin hədəfində olan Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmək və sürətli iqtisadi inkişafa nail olmaq heç də asan olmamışdı. Təxminən 30 il ərzində ölkəmizin müharibəyə cəlb olunması ilə onun inkişafını əngəlləməyə və öz asılılığına salmağa çalışan güc mərkəzlərinin cəhdlərinə baxmayaraq, Azərbaycan beynəlxalq müstəvidə öz müstəqil siyasətini yürütməyə və ölkəni salındığı labirintdən çıxarmağa nail oldu. 2020-ci ilin Vətən müharibəsinin özü dünya üçün gözlənilməz olduğu kimi, həmin müharibədə Azərbaycanın tarixi Zəfəri də bir çox dövlətlər və beynəlxalq təşkilatlar üçün gözlənilməz oldu. Lakin Prezident Əliyev və Azərbaycan xalqı bu Qələbəyə əmin idi. Bu tarixi Zəfər son bir neçə əsrdə işğal olunmuş torpaqlarımızın özümüzə qaytarılmasının ilk nümunəsi idi. Bu Qələbəni Azərbaycan xalqı məhz Prezident İlham Əliyevin müdrik siyasəti və mahir diplomatiyası sayəsində qazandı. Ötən ilin 20 sentyabr tarixinə qədərki dövrü ölkə başçısı belə dəyərləndirdi: “Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi”. Ölkəmizin bu günündən danışan Prezident Azərbaycanı “...həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə” adlandırdı. 2020-ci ilin 9 noyabr tarixli üçtərəfli Bəyanatını, 2023-cü il aprelin 23-də Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin açılmasını və nəhayət həmin il sentyabrın 19-20-də separatçıların yuva saldığı Qarabağ ərazisində antiterror tədbirlərinin həyata keçirilməsini ayrı-ayrılıqda təhlil edən İlham Əliyev bu hərbi-siyasi hadisələri çağdaş tariximizin parlaq səhifələri adlandırıb”.
Geri dön |