Ana Sayfa > Karusel / Dünya > Rişi Sunak: Husilərin hərbi imkanlarını zəiflətmək üçün zəruri tədbirlər gördük

Rişi Sunak: Husilərin hərbi imkanlarını zəiflətmək üçün zəruri tədbirlər gördük


12-01-2024, 11:59. Yazar: Admin

Rişi Sunak: Husilərin hərbi imkanlarını zəiflətmək üçün zəruri tədbirlər gördük

"Son aylarda husilər Qırmızı dənizdə kommersiya gəmiçiliyinə qarşı bir sıra təhlükəli və sabitliyi pozan hücumlar həyata keçirib, eyni zamanda, Böyük Britaniyaya məxsus və digər beynəlxalq gəmiləri təhdid edərək, həyati əhəmiyyətli ticarət marşrutunda böyük maneələrə səbəb olublar və bu, nəticədə əmtəə qiymətlərinin artmasına səbəb olub. Onların məsuliyyətsiz hərəkətləri dənizdə insanların həyatını riskə atmağa və Yəməndə humanitar böhranı daha da dərinləşdirməyə xidmət edir".

Qarabaginfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak Britaniya və ABŞ-ın husilərə birgə zərbə endirməsi ilə bağlı bəyanatında bildirib.

Baş nazir Sunak deyib ki, Britaniyanın Kral Hərbi Hava Qüvvələri Yəməndə husi üsyançılarının istifadə etdiyi hərbi obyektlərə hədəfli zərbələr endirib.

Britaniya hökumət başçısı xatırladıb ki, beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, husilər bu həftə Qırmızı dənizdə Böyük Britaniya və ABŞ hərbi gəmilərinə qarşı hücumlar həyata keçirməyə davam ediblər.

Rişi Sunak prosesin belə davam edə bilməyəcəyini və ölkəsinin hər zaman naviqasiya azadlığını və ticarətin azad axınını müdafiə edəcəyini bəyan edib: "Buna görə də biz husilərin hərbi imkanlarını zəiflətmək və qlobal gəmiçiliyi qorumaq üçün bu hücumlarla bağlı hədəflərə qarşı Niderland, Kanada və Bəhreynin qeyri-operativ dəstəyi ilə ABŞ-la birgə özünümüdafiə üçün məhdud, zəruri və mütənasib tədbirlər gördük”.

Britaniyanın Baş naziri əlavə edib ki, Kral Hərbi Dəniz Qüvvələri husilərin gələcək təcavüzünün qarşısını almaq üçün Qırmızı dənizdə patrul xidmətini davam etdirir: “Biz onları hücumlarını dayandırmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırırıq".

Britaniyanın xarici işlər naziri də "X" hesabında husilərə endirilən zərbələrlə bağlı paylaşım edib. "Böyük Britaniya və ABŞ Yəməndə husilərin hərbi obyektlərinə hədəfli zərbələr endirib. Böyük Britaniya gəmilərinin təhlükəsizliyi və Qırmızı dənizdə naviqasiya azadlığı hər şeydən vacibdir və buna görə də biz tədbirlər görürük.
BMT Təhlükəsizlik Şurasının da bəyan etdiyi kimi, husilər Qırmızı dənizdəki hücumları dayandırmalıdır", - Kemeron vurğulayıb.


Geri dön