Ana Sayfa > Karusel / Siyasət > Daha bir qurum İlham Əliyevin namizədliyini dəstəklədi - BƏYANAT

Daha bir qurum İlham Əliyevin namizədliyini dəstəklədi - BƏYANAT


9-01-2024, 11:49. Yazar: Admin

 

Daha bir qurum İlham Əliyevin namizədliyini dəstəklədi - BƏYANAT

Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunun iştirakçıları Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi siyasətini dəstəkləyən və onun davam etdirilməsini ifadə edən Bəyanat qəbul edib.

 

Qarabaqinfo.az xəbər verir ki, bəyanatı "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri rəhbəri Zakir Nuriyev oxuyub:

 

"Son 20 ildə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan heç vaxt olmayan qədər böyük inkişaf yolu keçib, güclü iqtisadiyyat, dayanıqlı maliyyə sistemi formalaşıb. Hər ötən il Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, dünyanın enerji xəritəsində etibarlı strateji tərəfdaş olaraq ölkə layiqli yerini tutub. Azərbaycan özünəməxsus, nümunəvi milli inkişaf modelini yaradıb.

 

Ulu Öndər Heydər Əliyev yolu və Prezident İlham Əliyevin peşəkar dövlət idarəçiliyi Azərbaycanı böyük təhlükələrdən hifz edib, dünyada ən ağır sınaq və böhranlar dövründə də ölkənin təhlükəsizlik və əmin-amanlıq adası kimi tərəqqisinə rəvac verib.

 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə ordumuzun Vətən müharibəsində möhtəşəm qələbə çalması, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağımızın ucalması müasir Azərbaycan dövlətçiliyi tarixinə qızıl səhifələr kimi daxil olub.

 

2003-cü ildən bəri həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, ölkə iqtisadiyyatı 3,6 dəfə, qeyri-neft sektoru 3,5 dəfə, qeyri-neft ixracı isə dəfələrlə artıb. Azərbaycan qısa zaman kəsiyində aşağı gəlirli ölkə qrupundan çıxaraq yuxarı-orta gəlirli ölkələr qrupuna daxil olan az sayda uğurlu nümunələrdən biridir. Ölkəmiz son 20 ildə qlobal böhranlardan minimal itkilərlə çıxan azsaylı dövlətlərdən biridir.

 

Son 20 ildə ölkədə yoxsulluğun azaldılmasına və məşğulluq imkanlarının genişləndirilməsinə yönəldilmiş davamlı tədbirlər həyata keçirilib. Əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması, xüsusilə aztəminatlı əhali qrupunun sosial təminat məsələləri daim diqqət mərkəzində saxlanılıb.

Bu dövrdə ölkənin maliyyə sistemi sürətlə dəyişən qlobal çağırışlara cavab olaraq inkişaf edib və milli iqtisadiyyatın mühüm təkanverici qüvvəsinə çevrilib. Maliyyə sisteminin bütün sahələri – bank, sığorta, kapital və ödəniş sektorları yüksək səviyyədə kapitallaşıb və iqtisadi artımın maliyyələşməsinə böyük töhfə verib. Ölkənin maliyyə sisteminin qlobal və daxili risklərə qarşı nümayiş etdirdiyi dayanıqlılıq maliyyə sisteminə, xüsusilə də bank sektoruna inamı gücləndirib. Son 20 ildə bank sektorunun aktivləri 44 dəfə, depozitləri isə təqribən 52 dəfə artıb. Maliyyə sektorunda dollarlaşma kəskin azalaraq Cənubi Qafqazda ən aşağı səviyyəyə edib. Bütün bunlar bank sektoruna və milli valyutaya yüksək inamı əks etdirir.

 

Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində son 20 ildə Azərbaycanda müasir maliyyə infrastrukturunun atributlarından olan nağdsız ödənişlər sürətlə inkişaf edib. Milli ödəniş sisteminin dövriyyəsi 80 dəfə, ödəniş kartlarının sayı 151 dəfə, ölkədaxili nağdsız əməliyyatların həcmi isə 950 dəfə artıb. Hazırda nağdsız ödənişlərin həyata keçirilməsi üçün tələb olunan vaxt saniyələrlə ölçülür.

 

Milli iqtisadi inkişafa töhfə verən sahələrdən biri olan sığorta sektoru son 20 ildə sürətlə inkişaf edib. Bu dövrdə sığorta şirkətlərinin aktivləri 36 dəfə, sığorta haqları 17 dəfə, ödənişləri isə 37 dəfə artıb. Sektorun rəqəmsallaşdırılması sığorta xidmətlərinə əlçatanlılığın və keyfiyyətin artırılmasını təmin edib.

 

İqtisadiyyat və maliyyə sahələrində əldə olunan nailiyyətlər milli iqtisadiyyatımız üçün böyük potensial yaratmaqla yanaşı, onun uzunmüddətli dayanıqlı inkişafı üçün zəmin yaradır. Müasir dövrdə ölkəmiz keyfiyyətcə yeni inkişaf prioritetləri müəyyən edib.

 

Azərbaycan Maliyyə Forumu iştirakçıları vahid mövqedə və yekdil fikirdədir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları davam etməlidir. Prezident İlham Əliyev qalib xalqın qalib lideridir. Şuşada, Xankəndində, Xocalıda Azərbaycan Bayrağını qaldıran böyük şəxsiyyət kimi o, hər bir azərbaycanlı üçün milli liderdir.

 

Biz – Azərbaycan Maliyyə Forumu iştirakçıları olaraq bəyan edirik ki, Prezident İlham Əliyevin siyasətini tam müdafiə edirik və bundan şərəf duyuruq.

 

Azərbaycan məhz Prezident İlham Əliyevin uzaqgörənliliyi, məqsədyönlü siyasəti nəticəsində yüksək rifah cəmiyyətinə, inkişaf etmiş dövlətə çevriləcək!".


Geri dön