Abxaziyada müxalifət Pitsundadakı dövlət malikanəsinin Rusiyanın mülkiyyətinə keçməsinə qarşı etiraz aksiyası keçirib.
Qarabaginfo.az bildirir ki, bu barədə TASS xəbər verir.
Abxaziya parlamentində Pitsundakı dövlət malikanəsinin Rusiyanın mülkiyyətinə verilməsi haqqında sazişin ratifikasiyası məsələsinə baxılması dekabrın 27-nə təyin edilib.
Abxaziyanın ədliyyə naziri Anri Bartsits deyib ki, sazişdə texniki səhv aşkar edilib və onun aradan qaldırılması üçün ratifikasiya lazımdır.
Rusiyanın Abxaziyadakı səfiri Mixail Şurqalin qeyd edib ki, müqavilədə malikanənin yerləşdiyi torpağın Rusiyaya verilməsi nəzərdə tutulmayıb: “Ərazi 49 il müddətinə icarəyə verilib. Yalnız binalar mülkiyyətə verilir, onların saxlanması və təmiri Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən həyata keçiriləcək”, – səfir bildirib.
Onun sözlərinə görə, müqavilədə akvatoriyanın sərhədlərini və obyektin yerini müəyyən edən nəzarət məntəqələrinin siyahısında qeyri-dəqiqliklər olub. Səhvlər beynəlxalq normalara uyğun olaraq diplomatik notaların mübadiləsi yolu ilə aradan qaldırılıb.
Müxalifət sənədi respublika konstitusiyasına zidd hesab etdiyi üçün müddətsiz aksiya keçirəcəyini bəyan edib.
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin bəyanat verib ki, Abxaziyada müxalifətin Pitsundadakı dövlət malikanəsi ilə bağlı əl atdığı iğtişaşlar xaricdən süni şəkildə qızışdırılıb.