Ana Sayfa > Karusel / Region > “Priqojinə sui-qəsdi Patruşev təşkil edib”- Kəşfiyyat “The Wall Street Journal”a nələri açıqlayıb?

“Priqojinə sui-qəsdi Patruşev təşkil edib”- Kəşfiyyat “The Wall Street Journal”a nələri açıqlayıb?


22-12-2023, 14:17. Yazar: Admin

“Vaqner”in qurucusu Yevgeni Priqojinin aradan qaldırılması planının arxasında Rusiya Təhlükəsizlik Şurasının 72 yaşlı rəhbəri Nikolay Patruşev dayanıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Qərb və Rusiya kəşfiyyatındakı mənbələr “The Wall Street Journal”a bildiriblər.

Onların sözlərinə görə, Patruşev hələ 2022-ci ilin yayında Rusiya prezidenti Vladimir Putinə Priqojinin yaratdığı təhlükə barədə xəbərdarlıq etməyə başlayıb. Lakin Priqojin döyüş meydanında nəticələr əldə etdiyi üçün Putin uzun müddət bu xəbərdarlıqlara məhəl qoymayıb.

Kremlə zəng…

Keçmiş Rusiya kəşfiyyatçısı deyir ki, 2022-ci ilin oktyabrında muzdluların lideri Kremlə zəng vurub kobud şəkildə döyüş sursatı çatışmazlığını elan edəndə Putinin ona münasibəti dəyişib. Patruşev zəng zamanı Putinin yanında olub və Priqojinin prezidenti qınadığını eşidib. O, bu fürsətdən istifadə edərək Putini Priqojini “uzaqlaşdırmağa” inandırıb.

2023-cü ilin yayına qədər Kreml faktiki olaraq “Vaqner”i ləğv etməyi planlaşdırdığını elan edərək bütün muzdlulara Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamağı əmr edib. Bu, Priqojini silahlı üsyan qaldırmağa, Rostovda Cənub Hərbi Dairəsinin qərargahını ələ keçirməyə və iyunun 23-də 25 minlik ordunun Moskvaya yürüşünü elan etməyə məcbur edib.

Patruşevin vasitəçi axtarışı…

Putin həmin vaxt paytaxtdan xeyli kənarda öz iqamətgahında olub. Onun əvəzinə Patruşev nəzarəti öz əlinə alıb. O, Priqojinlə əlaqə saxlamaq və onu Moskvaya yürüşdən imtina etməyə inandırmaq üçün “təlaşlı” telefon zəngləri təşkil edib. Digər cəhdlərlə yanaşı, ona rəğbət bəsləyən zabitlər vasitəsilə Priqojinlə əlaqə saxlamağa çalışıb. Lakin Priqojin Kremldən gələn bütün zəngləri cavabsız qoyub.

Patruşev Priqojinlə danışıqlar aparmaq üçün Qazaxıstan və Belarusdan da vasitəçilər axtarıb. Belarus prezidenti Aleksandr Lukaşenko kömək etməyə razılıq verib. Sonrakı saatlarda o, Priqojinlə bir neçə dəfə əlaqə saxlayıb və ona Patruşevin təklifini çatdırıb: “Vaqner”in rəhbəri Moskvaya yürüşü dayandırsa, ona və adamlarına Belarusa köçməyə icazə veriləcək.

Priqojin sövdələşmənin şərtlərini qəbul edib və silahlı üsyanı dayandırıb. Sonrakı iki ay ərzində o, ictimai məkandan yoxa çıxıb və sərbəst şəkildə Belarus, Rusiya və Afrika arasında işgüzar səyahətlər edib. Bu zaman kəsiyində Kreml ona heç bir müdaxilə etməyib. “Eyni zamanda, Priqojin yaxından izlənilirdi”, – Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş yetkilisi Rolf Mouot-Larssen deyir.

“Putin plana etiraz etməyib”

Keçmiş rus kəşfiyyatçısı deyir ki, avqustun əvvəlində əksər məmurlar məzuniyyətə çıxıb Moskvanı tərk edəndə Patruşev köməkçisinə Priqojini aradan qaldırmaq üçün əməliyyat hazırlamağa başlamağı tapşırıb. “Daha sonra Təhlükəsizlik Şurasının katibi Putinə hazırlanmış planı göstərib, prezident buna etiraz etməyib”, – Qərb kəşfiyyat mənbələri bildirir.

Bir neçə həftə sonra Priqojin Afrikadan qayıdıb və Moskva hava limanında təhlükəsizlik müfəttişlərinin Sankt-Peterburqa uçmaq üçün şəxsi təyyarəsinin yoxlanmasını başa çatdırmasını gözləyib. Qərb kəşfiyyat rəsmisinin dediyinə görə, məhz bu gecikmə zamanı “Embraer Legacy 600” biznes-jetinin qanadı altına kiçik bomba qoyulub.

İstintaqın versiyası…

Rəsmi versiyaya görə, havaya qalxdıqdan yarım saat sonra təyyarə sürətlə hündürlüyünü itirməyə başlayıb və Kujenkino kəndi yaxınlığında Tver vilayətində qəzaya uğrayıb. Putin istintaqın versiyasından danışarkən təyyarədə əl qumbarasının partlaya biləcəyi, sərnişinlərin isə spirtli içki və ya narkotikin təsiri altında ola biləcəyi ehtimalı barədə fikirlər səsləndirib.

DNT testləri Priqojinin təyyarə qəzasında öldüyünü təsdiqləyib. Onun dəfn mərasimi Sankt-Peterburqdakı Poroxovskoye qəbiristanlığında bağlı qapılar arxasında keçirilib.


Geri dön