“Bu gün masanın üstündə bir sülh sazişi var və məndə olan məlumata görə, sənəd tezliklə imzalanmağa yaxındır”.
Qarabaqinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan erməni ictimaiyyətinə etdiyi videomüraciətdə bildirib.
“Əvvəllər bu sənəddə, səhv etmirəmsə, “artsax xalqı”nın hüquq və müstəqilliyindən bəhs edən 9-cu bənd var idi, bu gün artıq həmin bənd sazişdən çıxarılıb, mövcud deyil, o barədə heç bir qeyd də yoxdur. Müqavilə belə məzmunda imzalansa, o zaman “artsax” səhifəsini bağlayacağıq”, - deyə Oskanyan təşvişini ermənilərlə bölüşüb.
Revanşist mövqeyini bir daha nümayiş etdirən eks-xarici işlər naziri deyib ki, “erməni xalqı “artsax”ı heç vaxt unutmayacaq”.
Vardan Oskanyanın sözlərinə görə, qondarma “artsax”ı unutmaq keçmişi, tarixi unutmaq deməkdir.
““Artsax”ı unuda bilmərik. "Artsax" heç vaxt müstəqil Azərbaycanın tərkib hissəsi olmayıb, hətta sovet dövründə də “artsax” muxtar statusa malik olub və son 30 ildə faktiki siyasi quruma çevrilib. Erməni xalqından “artsax”ı unutdurmağı tələb etmək sadəcə olaraq mümkün deyil”, - deyən Vardanyan pessimist hisslərini gizlətməyə çalışıb.
Oskanyanın fikrincə, Ermənistan hakimiyyəti bu sənədi imzalamaqla “artsax”ı unutmağa aparacaq.
“Azərbaycan başa düşməlidir ki, onlar bu müqaviləni Ermənistanla, erməni xalqı ilə deyil, Nikol Paşinyan və onun hökuməti ilə imzalayırlar. Erməni xalqı “Artsax”ı unuda bilməz”, - Oskanyan xalqın adından danışmağa cəhd edib.