Ana Sayfa > Karusel / Gündəm > Ermənistanla sülh müqaviləsini dəstəkləyirsinizmi? - Sorğu

Ermənistanla sülh müqaviləsini dəstəkləyirsinizmi? - Sorğu


11-12-2023, 12:45. Yazar: Admin

ermenistanla-sulh-muqavilesini-destekleyirsinizmi

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasında sülh perspektivləri ilə bağlı ictimai rəyi öyrənmək məqsədilə əhali arasında mütəmadi sorğular keçirib.

Qarabaginfo.az xəbər verir ki, cari ilin noyabr ayı üzrə keçirilmiş növbəti rəy sorğusunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına respondentlərin 78,5%-i “bəli, dəstəkləyirəm”, 20,2%-i “xeyr, dəstəkləmirəm” cavabını verib. 1,3% rəyini bildirməkdə çətinlik çəkib.

Nəticələrə görə, respondentlər arasında yaş artıqca sülhə dəstəyini ifadə edənlərin sayında artım qeydə alınıb. Orta təhsillilərin 74,1%-i, ali təhsillilərin 86,9%-i sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edib.

“Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına nə dərəcədə inanırsınız?” sualına cavab olaraq, 37,2%-i tam inandığını, 29,7%-i əsasən inandığını bildirib. Sorğuda iştirak edənlərin 9,7%-i əsasən inanmadığını, 21,5%-i heç inanmadığını ifadə edib. 1,8% cavab verməkdə çətinlik çəkib.

Respondentlər arasında kişilərin 42,8%-i, qadınların 31,6%-i yaxın gələcəkdə sülh müqaviləsinin imzalanacağına tam inandığını, onların 27,3%-i və 32,1%-i əsasən inandığını bildirib.

Yaş artıqca sülhə müqaviləsinin imzalanacağına inamını ifadə edənlərin sayında artım qeydə alınıb.

Sorğular 2023-cü ilin 25-28 noyabr tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.

Sorğular Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla, 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub.

Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.


Geri dön