Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda gələn il 3 seçki keçiriləcək?
Azərbaycanda gələn il 3 seçki keçiriləcək?7-12-2023, 15:28. Yazar: Admin |
Azərbaycanda gələn il növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Seçkilər fevralın 7-nə təyin edilib. Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə prezident seçkiləri 2018-ci ildə keçirilib.
Qarabaginfo.az xatırladır ki, gələn il Azərbaycanda həm də bələdiyyə seçkiləri baş tutacaq.
Belə ki, 5 ildən bir baş tutan bələdiyyə seçkiləri sonuncu dəfə 2019-cu ilin dekabr ayında baş tutub. Həmin ilin dekabr ayının 23-də keçirilən bələdiyyə seçkilərində iştirak üçün 41 463 namizəd qeydiyyatdan keçib, rəsmi olaraq isə 13 partiya iştirak qərarı alıb. Bələdiyyələr 5 ildən bir seçildiyi üçün növbəti seçkiləri 2024-cü ilin dekabr ayında keçirilməlidir. Bundan başqa, Azərbaycanda gələn il həm də parlament seçkiləri keçirilməlidir. 2020-ci ildə baş tutan parlament seçkiləri növbədənkənar formada keçirilib. Azərbaycan Konstitusiyasının 98-1-ci maddəsində deyilir ki, Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən parlament çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
Altıncı çağırış parlamentin səlahiyyət müddəti parlamentin həmin ilin mart ayının 10-da baş tutan ilk iclasında başlayıb. Beləliklə, bu çağırışın səlahiyyət müddətinin beşinci ili 2024-cü ilin mart ayında başlayacaq. Belə olan halda parlamentə növbəti seçkilər 2024-cü ilin noyabr ayında keçirilməlidir. Konstitusiyaya görə, parlamentin səlahiyyət müddəti 5 ildir, ancaq 98-1-ci maddədə qeyd olunur ki, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu barədə daha ətraflı Modern.az-ın hazırladığı məqalədə oxuya bilərsiniz.
Nəticə etibarilə, Azərbaycanda gələn il 3 seçki keçirilməlidir. Ancaq keçirilməli olan parlament seçkiləri ilə bağlı fikirlər birmənalı deyil. Bununla bağlı hakimiyyət nümayəndələri heç bir açıqlama verməyib...
Geri dön |