Ana Sayfa > Karusel / İqtisadiyyat > Elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb
Elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb5-12-2023, 17:24. Yazar: Admin |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yeni texnologiyalar tətbiq edilməklə yol yatağının, yol qurğularının və digər infrastruktur elementlərinin qorunması, yolların istismar müddətinin uzadılması, təhlükəsizlik və digər tələblərin təmin edilməsi xüsusilə diqqətdə saxlanılır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb. Məqsəd ümumi istifadədə olan avtomobil yollarının qorunması məqsədilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsi, eləcə də bölünməsi mümkün olmayan yüklə yüklənmiş iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə icazə əsasında həyata keçirilməsinin təmin edilməsidir. Yeni yaradılan mərkəz avtomobil yollarında quraşdırılan elektron tərəzilərdən əldə olunan məlumatların bir məkanda toplanmasına, emalına, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş qaydada istifadəsinə imkan verəcək. Belə ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta elektron tərəzilərin köməyi ilə aşkar edilərək mərkəzə göndəriləcək. Daha sonra həmin məlumatlar əsasında elektron qərarın çıxarılmasının təmin olunması üçün Daxili İşlər Nazirliyinin elektron məlumat bazasına ötürüləcək. Qeyd edək ki, elektron tərəzilərin tədricən bütün magistral yollarda quraşdırılması nəzərdə tutulur. Geri dön |