Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev sosial şəbəkədə - xüsusilə də “Facebook”da aktivliyinə son qoyub.
Qarabaqinfo.az-ın məlumatına görə, V.Quliyev Bosniya və Herseqovinada diplomat fəaliyyətinə başlayandan sonra “Facebook” hesabını bağlayıb.
Qeyd edək ki, Vilayət müəllim sosial şəbəkədə diplomat kimi deyil, daha çox tənqidçi, ədəbiyyatşünas və tərcüməçi kimi aktiv idi. Onun ədəbi paylaşımları izləyicilər tərəfindən maraqla qarşılanır və müzakirələrə səbəb olurdu.
Bununla yanaşı, onun ictimai-siyasi hadisələrə münasibət bildirməsi, bəzən siyasi proseslərlə bağlı xatirələrini bölüşməsi, hansısa olaya tənqidçi mövqe sərgiləməsi də səfiri daim diqqət mərkəzində saxlayırdı.
Vilayət Quliyev 2022-ci ilin mayında Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Vilayət Quliyev 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri olub. 2004-2010-cu illərdə Azərbaycanın Polşadakı səfiri işləyib.
2010-cu ildən 23 iyul 2021-ci ilədək Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub.
Diplomatik fəaliyyətlə yanaşı, ədəbiyyatşünas, tərcüməçi və tənqidçi kimi fəaliyyət göstərir.