İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsi Xocalı soyqırımını törədənlərdən biri, Ermənistanın “Yerkrapa” könüllüləri ittifaqının sabiq sədri, general Manvel Qriqoryan və onun həyat yoldaşı Nazik Əmiryanın bir sıra cinayətlərdə təqsirli bilindiyinə dair hökmü dərc edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın məhkəmə hakimiyyətinin Telegram kanalı məlumat yayıb.
Qərar qanuni qüvvəyə mindikdən sonra M.Qriqoryanın 1 milyard 800 milyon drama yaxın pulu, 8 minik avtomobili müsadirə olunacaq.
Məhkəmənin qərarı ilə bu iş üzrə 1 yanacaqdoldurma məntəqəsi zərərçəkmişin varisi H.Torosyana qaytarılacaq.
Nazik Əmiryandan 101 milyon 200 min drama yaxın pul müsadirə olunacaq, onun hesabları, daşınar və daşınmaz əmlakı isə hökm icra olunana qədər həbsdə qalacaq.
General Manvel Qriqoryan Azərbaycan torpaqlarının işğalının fəal iştirakçılarındandır. O, Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.
O, Qarabağ müharibəsində əsir götürülən bir azərbaycanlını 4 il evində qul kimi saxlayıb işlətmişdi.
M.Qriqoryanın dəstəsi Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. O, Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri işləyib. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant rütbəsi alıb. 2000 - 2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub. 2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.
Manvel Qrioqryan 2018-ci ilin iyununda qanunsuz silah saxlama və ordu üçün nəzərdə tutulan ərzağı mənimsəmə itihamı ilə həbs edilib. Bir müddət sonra 25 milyon dram girov qoymaq qarşılığında zaminə buraxılıb.
M.Qriqoryan İkinci Qarabağ Müharibəsi başlayandan sonra - oktyabrın 7-də Qarabağ bölgəsinə gəlmişdi. Lakin orada səhhəti pisləşdiyi üçün həkimlər ona Qarabağı tərk etməyi məsləhət görmüşdülər. Ermənilər onu Azərbaycan hərbçilərinin əlinə keçə biləcəyindən ehtiyatlanaraq, Yerevana qaytarmışdılar.
M.Qriqoryan 2020-ci ilin noyabrında ölüb.