Ana Sayfa > Karusel / Gündəm > Səhiyyə Nazirliyi: Karantin qaydaları yumşaldıqdan sonra poliklinikalar fəaliyyətlərini standart qrafik üzrə bərpa edib
Səhiyyə Nazirliyi: Karantin qaydaları yumşaldıqdan sonra poliklinikalar fəaliyyətlərini standart qrafik üzrə bərpa edib18-09-2020, 12:31. Yazar: Admin |
“Karantin qaydalarının yumşalmasından sonra poliklinikalar öz fəaliyyətlərini standart qrafik üzrə bərpa edib və bütün tibb heyəti tam şəkildə iş cədvəlinə uyğun işləyir”.Qarabaginfo.az-ın məlumatına görə, bunu Bakı şəhər Baş Səhiyyə İdarəsinin Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva deyib. O bildirib ki, indi poliklinikalarda sahə həkimi və ya ixtisaslı həkimlərin qəbuluna rahatlıqla düşmək üçün vətəndaşlar qeydiyyat şöbəsinə müraciət edib, yazıla bilərlər: “Həm də pasiyentlər öncədən təyin olunmuş vaxtda qəbula gəldiklərinə görə poliklinikalarda heç bir sıxlıq yaşanmır. Pasientlərin təxirəsalınmaz tibbi yardıma ehtiyacları olan təqdirdə qəbula yazılmadan da həkim qəbuluna düşmək mümkündür”. E.Hacıyeva poliklinikalarda tətbiq edilən qəbul qaydalarını da sadalayıb: “Poliklinikaya daxil olan hər bir şəxs girişdə qarşılanır, onun hərarəti təmassız termometr vasitəsilə ölçülür. Təhlükəsizliyi təmin etmək üçün poliklinikanın girişində əl üçün spirt tərkibli dezinfeksiyaedici vasitələr yerləşdirilib. Binaya daxil olan hər bir şəxsdən tibbi maskaların taxılması tələb olunur. Bədən temperaturu 37.1 dərəcə C və daha yuxarı olan şəxslərin poliklinikalara daxil olmalarına qadağa qoyulur. Bundan sonra həmin şəxslər birbaşa poliklinikanın nəzdində olan və yaşayış yerlərinə aid olan sahə məntəqələrinə yönləndirilir. Sahə məntəqələrində onlardan test nümunələri götürülür və həmçinin, şikayətlərinə görə, həkim tərəfindən müvafiq məsləhətlər verilir”. Sektor müdiri Bakı şəhər poliklinikalarında hazırda planlı və diaqnostik tibbi müayinələrin necə aparılması haqda da danışıb: “Bu müayinələr öz standart qrafiki üzrə aparılır. Sahə həkimi öz sahəsinə aid olan poliklinikada qeydiyyatda olan xəstələri ilə əlaqə saxlayıb, vaxt təyin edib poliklinikaya planlı müalicəyə dəvət edir. Xəstə COVID-19 virusuna yoluxmaq üzrə yüksək risk qrupuna daxildirsə (65 yaş və yuxarı, ürək xəstəliyi, diabet və ağciyər xəstəlikləri olan şəxlər), sahə həkimi xəstəyə evdə baş çəkir və ona müvafiq tövsiyələr verir”.O bildirib ki, ixtisas həkimləri diaqnostik müayinələrini sahə həkimlərinin göstərişi ilə həyata keçirir: “Qadın məsləhətxanalarında iş eyni qaydada davam edir. Hətta hamilə qadınların Səhiyyə Nazirliyinin müvafiq kliniki protokoluna uyğun olaraq mütəmadi müayinələri həyata keçirilir. Ölkədaxili sərt karantin dövründə dispanserizasiyanın həyata keçirilməsi məhdudlaşdırılmışdı. Karantin qaydalarının yumşalmasından sonra dispanserizasiya prosesi yenidən bərpa olunub. Eyni vəziyyət uşaq tibb müəssisələrində uşaqların planlı peyvəndlərlə əhatə olunması prosesinə öz təsirini göstərib. Hazırda peyvəndlərin aparılması, hər zaman olduğu kimi, Milli Peyvənd Təqviminə görə həyata keçirilir”. Geri dön |