Ana Sayfa > Karusel / Sosial > Umbakıda yeni açılan cəzaçəkmə müəssisəsi və istintaq təcridxanasına media-tur təşkil olunub

Umbakıda yeni açılan cəzaçəkmə müəssisəsi və istintaq təcridxanasına media-tur təşkil olunub


20-11-2023, 12:01. Yazar: Admin

Umbakıda yeni açılan cəzaçəkmə müəssisəsi və istintaq təcridxanasına media-tur təşkil olunub

Bakının Umbakı qəsəbəsində yeni müasir penitensiar kompleks istifadəyə verilib.

Qarabaginfo.az xəbər verir ki, Beynəlxalq standartlara uyğun inşa olunmuş Umbakı penitensiar kompleksi qarışıq rejimli olmaqla iki zonadan – cəzaçəkmə müəssisəsindən və istintaq təcridxanasından ibarətdir.

Müəssisədə ağır və digər cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanada isə təqsirləndirilən şəxslər saxlanılacaq.

Cəmiyyətin marağı nəzərə alınaraq həmin penitensiar kompleksdə yaradılan şəraitlə yaxından tanış olmaq məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mətbuat nümayəndələri, deputatlar, ictimaiyyət xadimləri üçün media-tur təşkil olunub.

İctimai təqdimatda həm də Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar xidmətin aidiyyəti məsul işçiləri, Milli Məclisin deputatları, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının təmsilçiləri, hüquq müdafiəçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, iştirak ediblər.

Tədbirdə bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, cəza siyasəti humanistləşdirilir, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür.

Eyni zamanda, məhkumların cəmiyyətə reinteqrasiyası, yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri üçün paytaxtda və bölgələrdə müasir penitensiar infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülür.

Bununla əlaqədar Bakının Zabrat qəsəbəsində yeni istintaq təcridxanası, cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün müasir penitensiar müəssisələr, Naxçıvan Muxtar Respublikasında və Şəkidə belə komplekslər inşa olunub. Lənkəran şəhərində yeni müəssisənin tikintisi artıq başa çatıb, Gəncədə isə inşa işləri davam etdirilir.

Görülən tədbirlər çərçivəsində yenicə istifadəyə verilən Umbakı penitensiar kompleks də məhkumların hüquqlarının təmin olunması və sosial adaptasiyası baxımından xüsusi əhəmiyyət kəsb edir.

Məlumat verilib ki, kompleksin ümumi saxlanma limiti 1.300 nəfərdir və orada 19 müxtəlif rejimli kamera tipli korpuslar inşa olunub ki, həmin kameralarda məhkumlar hər cür şəraitlə təmin edilib, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri ayrılıb.

Eyni zamanda, kompleksdə təcridxana hissəsində təqsirləndirilən şəxslərin saxlanılması nəzərə alınaraq müstəntiq və vəkillərin rahat fəaliyyət göstərmələri, istintaq hərəkətlərinin aparılması üçün zəruri şərait yaradılıb. Məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və video-görüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub.

İctimaiyyət nümayəndələri kompleksdə məhkumların tibbi təminatı ilə bağlı yaradılmış Tibb-sanitar hissələri də tanış olublar. Bildirilib ki, saxlanılan şəxslərə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün ərazidə müasir tibbi avadanlıqla təchiz olunmuş binalar inşa edilib. Burada kardioloq, stomatoloq, fizioterapevt, ultrasəs müayinəsi, cərrahiyə, manipulyasiya otaqları, laboratoriya, geniş dərman çeşidləri ilə təchiz olunmuş aptek, bütün şəraiti, stasionar, o cümlədən intensiv terapiya çarpayıları olan kamera-palatalar mövcuddur.

Eyni zamanda kompleksdə məhkum və həbs edilmiş şəxslərə psixoloji yardımın göstərilməsi üçün zəruri şəraitin yaradılması məmnunluqla qarşılanıb.

Tanışlıq zamanı həmçinin, uzunmüddətli və qısamüddətli görüş otaqlarına da baxış keçirilib. Qeyd olunub ki, uzunmüddətli görüş otaqları studio-mənzil tipli olmaqla zəruri məişət avadanlığı ilə təchiz olunub, öz ailələri ilə rahat vaxt keçirmələri üçün yaradılan müasir şərait məhkumların sosial adaptasiyasına xidmət edir.

İştirakçılar məhkumların asudə vaxtlarının səmərəli təşkili məqsədilə zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, televizor otağı, idman meydançaları tanış olub, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün yaradılan infrastruktura maraq göstəriblər. Məhbusların keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəxdə, yeməkxanada, habelə sənaye tipli qurğuları olan camaşırxanada olaraq yaradılan yüksək şəraiti təqdir ediblər.


Geri dön