Ana Sayfa > Karusel / Gündəm > Dövlət vəsaiti üçün niyə seçkidən sonranı gözləyək? - Siyasi partiyalar narazıdır

Dövlət vəsaiti üçün niyə seçkidən sonranı gözləyək? - Siyasi partiyalar narazıdır


18-11-2023, 13:54. Yazar: Admin

 

Dövlət vəsaiti üçün niyə seçkidən sonranı gözləyək? - Siyasi partiyalar narazıdır

"Siyasi partiyalar haqqında" yeni qanuna əsasən, dövlət tərəfindən partiyalar üçün ayrılan vəsaitin 5 faizi seçkilərdə iştirak edən partiyalara veriləcək. Əvvəllər seçkilərdə 3% səs toplamaq tələbi olsa da, yeni qanunda bu tələb ləğv edilib. Ancaq qanunun keçid müddəalarında yeni maliyyələşmə qaydasının növbəti seçkilərdən sonra tətbiq ediləcəyi bildirilir.
 

Lakin bəzi siyasətçilər bunun seçkilərdən əvvəl, gələn ilin büdcəsindən ayrılmasının tərəfdarıdır. Belə ki, onlar seçkilərə hazırlaşmaq üçün bu vəsaitin lazım olduğunu deyirlər.

Dövlət tərəfindən ayrılan vəsait üçün seçkilərdən sonranı gözləmək lazımdırmı?
 

Qarabaqinfo.az ilə bağlı bir neçə siyasi partiya ilə əlaqə saxlayıb.
 

Ağ Partiyanın sədri Tural Abbaslı siyasi təşkilatların maliyyələşdirilməsi məsələsinin qarışıq və qəliz proses olduğunu bildirib:
 

“Seçkilərdə iştirak edən partiyalara maliyyə vəsaitinin 5 faizinin verilməsinin şərtləri var. Mən səhv etmirəmsə, məbləğin 2,5 faizi seçkidə iştirak edən partiyalar arasında bərabər paylanır. Digər 2,5 faiz isə toplanan səslərə görə bölünür. Ümumiyyətlə, il ərzində partiyalara ayrılan pulları indiki standartla götürsək, yəni bu faizlərlə ölçsək, aşağı-yuxarı aylıq 350-500 manat civarında simvolik rəqəm edir. Buna da partiyaların maliyyələşdirilməsi demək düzgün deyil. Təbii ki, dünyanın hər yerində siyasi partiyalar dövlət tərəfindən maliyyələşir. Bu həm də dövlətlərin təhlükəsizlik məsələsidir.Çünki qanunveicilikdə də açıq-aşkar göstərilib ki, partiyalar xarici ölkələr tərəfindən maliyyələşə bilməz. Siyasi partiyalar eyni zamanda qrant alıb, biznes fəaliyyəti göstərə bilməz.  Dolayısı ilə partiyaların maliyyələşməsi ya ianə, ya da üzvlük haqları ilə baş tutur. İndi Azərbaycanda əhalinin sosial durumu hamıya məlumdur. Üzvlük haqqını heç kəs vermir. Belə olan halda da dövlət siyasi partiyaları maliyyələşdirməlidir".
 

T.Abbaslı gələcəkdə partiyaların maliyyələşməsi məsələsinin daha ciddi müzakirə olunub dəyişdirilməsinə ehtiyac olduğunu söyləyib:
 

"Partiyaların normal fəaliyyət göstərməsi üçün minimal normalar var. Partiyaların ofislərinin təminatı, ofisdə işləyəcək insanların minimal əmək haqqı ilə təmin olunması və s. Bu da kifayət qədər ciddi rəqəmlər deməkdir. Hələlik Azərbaycanda yeni qanunda faizlər göstərildiyi halda, məbləğ göstərilməyib. Düşünürəm ki, qanunda konkret rəqəm olmalıdır. Seçicilərin ümumi sayı, eləcə də minimum əmək haqqı nisbətində biz ümumi büdcəni hesablamalıyıq. Mən də təbii olaraq istəyərdim ki, yeni qanun qüvvəyə mindiyi gündən siyasi partiyaların maliyyələşməsi məsələsi gündəmə gəlsin. Bir məsələ var ki, partiyaların maliyyələşməsi məhz parlament seçkilərinin nəticələrinə uyğun qoyulub. Onda sual ortaya çıxır ki, bəs bələdiyyə, prezident seçkilərində iştirak edən partiyaların topladığı səslərin, performansın maliyyələşdirməyə təsiri necə olacaq? Əlbəttə, sıfır. Bu məsələnin müzakirə edilməsi daha gecdir. Yaxın gələcəkdə partiyaların maliyyələşməsi məsələsi üzdən, səthi olaraq yox, çox dərindən, konkret əsaslandırılmış şəkildə müzakirə olunmalı, maddələrdə dəyişiklik edilməsi vacibdir. Partiyaların normal fəaliyyəti üçün minimum tələblər təmin olunmalıdır. Bu olmayacağı təqdirdə normal partiya olmayacaq. Bu isə normal siyasi mühitin olmayacağı deməkdir. Belə olan halda siyasi inkişaf olmayacaq".
 

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli növbəti seçkilərdən sonra bu qanunun tətbiq olunmasının məntiqli olduğunu düşünür:
 

“Çünki son seçkilərdən 4 il vaxt keçib. O dövrdə də partiyaların seçkilərdə iştirakı daha çox majoritar qaydada namizədləri irəli sürməklə həyata keçdi. Bu qayda əslində proporsional seçkilər üçün daha uyğundur. Gələn ilki seçkilərdə proporsional seçki sisteminin tətbiqi yenidən bərpa oluna bilər. Bu zaman partiyaların topladığı səslərə uyğun maliyyələşdirilmələrin aparılması daha doğru olar”.
 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli seçkilərdə uğur əldə etmək üçün xeyli vəsaitə ehtiyac olduğunu vurğulayıb:
 

""Siyasi partiyalar haqqında" qanun artıq qəbul edilib və qüvvədədir. İndi bununla bağlı bizim nəsə deməyimiz arzudan başqa bir şey olmayacaq. Çünki qanunun yenidən müzakirəyə çıxarılıb dəyişdirilməsi inandırıcı deyil. Ancaq təbii ki, seçkilərdə iştirak edib, uğur qazanmaq üçün xeyli vəsait lazımdir. Görünür, partiyalar bu vəsaiti öz hesablarına qarşılamalı olacaqlar"


Geri dön