Ana Sayfa > Karusel / Dünya > Allahşükür Paşazadədən Qəzza ilə bağlı ÇAĞIRIŞ
Allahşükür Paşazadədən Qəzza ilə bağlı ÇAĞIRIŞ2-11-2023, 17:14. Yazar: Admin |
Noyabrın 2-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharı qəbul edib.
Qarabaginfo.az xəbər verir ki, səfiri səmimi salamlayan Şeyxülislam həzrətləri ona ölkəmizdəki yeni diplomatik fəaliyyətində uğurlar arzulayıb, iki dost və qardaş dövlət arasında münasibətlərin inkişafına yeni çalar qatacağına inandığını dilə gətirib.
QMİ sədrinin sözlərinə görə, Azərbaycanla İordaniya Haşimilər Krallığı arasında əlaqələr yüksək səviyyədədir və dövlət başçıları – Azərbaycan Prezidenti İlham Əliyev həzrətləri ilə Kral II Abdullah həzrətləri arasındakı mehriban dostluq münasibətləri bu əlaqələrin daha da möhkəmlənməsi üçün müsbət zəmindir: “Azərbaycana təyinatınızın Zəfər bayramı ərəfəsinə təsadüf etməsi də xoş bir təsadüfdür. Xalqımız tarixi bir qələbəyə imza atmaqla həm torpaqlarını işğaldan azad etdi, həm də öz ərazi bütövlüyünü təmin etməyə nail oldu. 44 günlük Vətən müharibəsində İordaniya Haşimilər Krallığı da daxil olmaqla dost dövlətlərin mənəvi dəstəyini xalqımız yüksək qiymətləndirir”.
Şeyxülislam Allahşükür Paşazadə İordaniyaya çoxsaylı səfərlərini, orada keçirdiyi rəsmi görüşləri daim xoş xatirələrlə yad etdiyini səfirin diqqətinə çatdırıb: “Mərhum Kral Hüseynlə, həm də indiki dövlət rəhbəri Kral II Abdullahla görüşlərimdə şəxsimə qarşı böyük hörmət görmüşəm. Sevinirəm ki, İordaniya “Al əl-Beyt” İslam Fikri Kral Akademiyanın təsisçilərindən biri və həqiqi üzvüyəm, “I dərəcəli Kral Hüseyn” ordeni ilə təltif olunmuşam. Bu təltifləri təkcə şəxsimə və fəaliyyətimə deyil, dövlətimə, xalqıma verilən qiymət kimi dəyərləndirirəm”.
QMİ sədri son günlər Yaxın Şərqdə baş verənlərə toxunaraq Qəzzada mülki şəxslərin, qoca, qadın və uşaqların həlak olmasına təəssüfləndiyini bildirib, siyasətçilərin sülhə nail olmaq üçün tezliklə müdrik qərarlar qəbul edəcəklərinə inandığını qeyd edib.
İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar xoş qarşılanmaya görə təşəkkür edib, Kral II Abdullahın və Şahzadə Əmir Həsənin şəxsi salam-dualarını Şeyx həzrətlərinə çatdırmaqdan məmnun olduğunu deyib: “Prezident İlham Əliyev cənablarına etimadnaməmi təqdim edərkən Azərbaycan xalqını Qarabağdakı tarixi qələbə münasibəti ilə təbrik etdim. Ölkəm Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyib, iki qardaş xalq arasında əlaqələrin inkişafına maraqlı olub. Doğma Azərbaycanda çalışacağım müddətdə münasibətlərin daha da möhkəmlənməsinə və müxtəlif sahələri əhatə etməsinə səy göstərəcəm”.
Diplomat Azərbaycanda ilk nəvaziş görüşünün Şeyxülislam Allahşükür Paşazadə kimi nüfuzlu dini liderlə keçirməsinin təsadüf olmadığını diqqətə qatdırıb: “2005-ci ildə ölkəmdə Əmman Bəyannaməsi imzalanarkən siz orda iştirak etdiniz. Mən o zaman Kral Sarayında çalışırdım. 2 il sonra isə Londonda dinlər və mədəniyyətlərarası dialoqa dair beynəlxalq konfransda iştirak edərkən mən səfir kimi ölkəmi Böyük Britaniyada təmsil edirdim. Hər iki tədbirdə sizin necə böyük nüfuza malik olduğunuzu gördüm. Yaxından tanış olmaq, sizin kimi müdrik dini liderin tövsiyələrini eşitmək bu günə qismət imiş”.
Səfir Şeyxülislam həzrətlərini uyğun zamanda ölkəsinə dəvət etməyə hazır olduğunu bildirib. Dəvətə görə təşəkkür edən QMİ sədri İordaniyadakı dostları ilə görüşmək, Əmmandakı Heydər Əliyev küçəsini yenidən görmək imkanı qazanacağına inandığını deyib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Geri dön |