Ana Sayfa > Karusel / Region > Ermənistan parlamentində qətliam: cinayət işi hələ də araşdırılır

Ermənistan parlamentində qətliam: cinayət işi hələ də araşdırılır


27-10-2023, 11:28. Yazar: Admin

Ermənistan parlamentində qətliam: cinayət işi hələ də araşdırılır

 

 27 oktyabr 1999-cu il tarixində Ermənistan parlamentin hökumət üzvlərinin iştirakı ilə keçirilən növbəti iclası zamanı bir qrup silahlı şəxs zala soxulub. Basqınçılar parlament sədri Karen Demirçyanı, baş nazir Vazgen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Anahit Baxşyan və Ruben Miroyan, deputatlar Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı güllələyərək, qətlə yetiriblər.

Silahlı dəstənin başçısı, keçmiş jurnalist, Daşnaksutyun təşkilatının sabiq üzvü, 34 yaşlı Nairi Hunanyan idi. Şahidlərin dediyinə görə, silahlılar parlamentdə dövlət çevrilişinin baş tutduğunu elan ediblər. Hunanyan o zaman Ermənistanda ən nüfuzlu şəxs hesab edilən baş nazir Vazqen Sarkisyanın üzünə “bəsdir qanımızı içdiyiniz",-deyə qışqırıb.

Sarkisyan isə ona “hər şey sənin və övladlarının gələcəyi üçün edilir",-deyə cavab verib. Bundan sonra Hunanyan atəş açıb.

O zaman parlamentdə olan deputat və hökumət üzvlərini (bəzi məlumatlara görə, jurnalistlərlə birlikdə 91 nəfəri) girov saxlayan silahlı dəstənin xalqa və müxalif partiyalara "ölkənin azadlığı uğrunda mübarizəyə qatılın!" çağırışı cavabsız qalmışdı.
Prezident Robert Koçaryanla danışıqlardan sonra silahlı dəstə ertəsi gün təslim olmuşdu.

"Mən düşünürdüm ki, ölkəmin və xalqımın çiçəklənməsi naminə silah götürüb, parlamentin hökumətlə birgə iclasında təzyiq vasitəsilə baş naziri istefa verdirib siyasətdən getməyə məcbur etməklə, ölkədə azad siyasi atmosferın formalaşması üçün imkan yaradaram",-deyə Nairi Hunanyan sonralar istintaqa ifadəsində bildirmişdi

İrəvanda keçirilən məhkəmənin 2 dekabr 2003-cü il tarixli hökmü ilə, silahlı dəstənin üzvləri vətənə xəyanət, terrorçuluq və qətl törətməkdə ittiham olundular. Nairi Hunanyan başda olmaqla, dəstənin 6 üzvü ömürlük, daha bir üzvü -14 il müddətinə həbsə məhkum edildi.

Ömürlük azadlıqdan məhrum edilən Vram Qalstyan daha sonra intihar edib, 14 il həbs cəzası alan Hamlet Stepanyan isə qəfildən dünyasını dəyişib.

Parlamentə basqın zamanı həlak olanların yaxınları sonralar istintaq və məhkəmə prosesini qərəzlilikdə ittiham etdilər. Onlar prezident Robert Koçaryanı terror aktı sifarişçilərinin aşkar edilməməsində günahlandırdılar.

Hətta bu qətliamın arxasında Robert Koçaryanın özünün dayandığı iddia olunurdu. Qeyd edilirdi ki, Robert Koçaryan Karen Demirçyan və Vazgen Sarkisyan kimi nüfuzlu şəxsləri aradan götürtməklə dövlət aparatı, oliqarxiya və orduda öz mövqelərini möhkəmlədə bildi.
 
Ermənistan Respublikasının Baş Prokurorluğu bu gün - oktyabrın 27-də iş üzrə 2022-2023-cü illər ərzində aparılan istintaq və məhkəmə fəaliyyəti haqqında məlumat dərc edib.

Bildirilib ki, bu cinayət işi ilə əlaqədar 2022-2023-cü illər ərzində onlarla şəxs əlavə olaraq dindirilib.

"Nairi Hunanyan və digərləri tərəfindən terror aktının törədilməsinə dair iş üzrə başlanmış cinayət işində  cinayət əməllərinin digər mümkün iştirakçıları, cinayət törətmək imkanı və vəzifəsi olan digər vəzifəli şəxslər onların qarşısının alınması, istifadə edilmiş silah və sursatlarla bağlı şəxslərin müəyyən edilməsi nəzərdə tutulur ki, bu məqsədlə 2022-2023-cü illər ərzində onlarla şəxs əlavə olaraq dindirilib".

Prosedurun icrasını həyata keçirən orqanın qəbul etdiyi qərarlar əsasında bir çox vəzifəli şəxslərin şəxsi işlərinə, habelə araşdırma mərhələsində olan iş üzrə maraq doğuran cinayət işlərinə həbs qoyulub.

İbtidai istintaq zamanı iş üzrə əhəmiyyət kəsb edən çoxlu video və audio yazılar götürülüb, onlarla icraat mərhələsində olan ekspertizalar təyin edilib.

Ərizələr və onlara əlavə edilmiş sənədlər qəbul edilib, ərizəçilər dindirilib, təqdim olunmuş sənədlərə baxış keçirilib.

İbtidai istintaq zamanı əldə edilmiş faktiki məlumatlar əsasında işin tam hallarının aydınlaşdırılması məqsədilə bir sıra istintaq-əməliyyat fərziyyələri irəli sürülüb və onların yoxlanılması üçün istintaq planı tərtib edilib.

“1999-cu il oktyabrın 27-də Ermənistan Respublikasının Milli Məclisində törədilmiş terror aktının şəraitini aşkar etmək, habelə işin hərtərəfli, tam və obyektiv araşdırılmasını, prosessual və sübutedici hərəkətləri təmin etmək məqsədilə həyata keçirilir”, - deyə Prokurorluqdan bildirilib.(Modern.az)


Geri dön