Ana Sayfa > Karusel / Gündəm > Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı

Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı


25-10-2023, 11:23. Yazar: Admin

 

Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

 

Artıq qalib Azərbaycan öz əzəli Qarabağ torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş günlərini deyil, işğalından azad olunması günlərini qeyd edir. 2020-ci il oktyabrın 25-i  Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb. Qubadlı şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən üç il ötür. Bu günü nəinki qubadlılılar, bütün Azərbaycan xalqı otuz ilə yaxın müddətdə gözlədi.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən, 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub.

Qubadlı rayonu 1933-cü ildə təşkil edilib. 1963-cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna verilib. 1964-cü ildən yenidən müstəqil rayon kimi fəaliyyətə başlayıb.

Qubadlı rayonu 1993-cü il avqustun 31-də Erməmistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb. O gün Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən ərazilərimizdəki dədə-baba yurdlarını, isti ocaqlarını tərk etmək məcburiyyətində qalan qubadlılıların məcburi köçkün həyatı başladı. Rayon sakinləri respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirildi. Təcavüzkar ermənilər işğal etdikləri digər ərazilərimiz kimi, Qubadlının da zəngin təbiətinə ciddi ziyan vurdu, ərazidəki bütün tikililəri dağıtdılar.

Rayon Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Sahəsi 802 kvadrat - metrdir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.

Ermənistan silahlı qruplaşmaları şəhərdə güclü istehkamlar qurmuşdular. Yüksəkliklər düşmənin nəzarətində idi. Qubadlını azad etmək üçün ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Nəhayət 25 oktyabr Azərbaycan Ordusunun xüsusi peşəkarlığı nəticəsində Qubadlı işğaldan azad edildi. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub.

 Əminik ki, işğaldan azad olunan rayonlarımız, o cümlədən Qubadlı qurulduqdan və insanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq.


Geri dön