Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycan qadınlarının xidmətləri misilsizdir - İlham Əliyev

Azərbaycan qadınlarının xidmətləri misilsizdir - İlham Əliyev


19-10-2023, 11:49. Yazar: Admin

Azərbaycan qadınlarının xidmətləri misilsizdir - İlham Əliyev

Qloballaşmanın vüsət aldığı və milli özünəməxsusluğu sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və yaşadılmasında Azərbaycan qadınlarının xidmətləri misilsizdir.

 

Qarabaqinfo.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubunda yer alıb.

 

Qurultayın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasının dərin məna daşıdığını vurğulayan dövlətimizin başçısı qeyd edib:

 

“Ümummilli Lider qadınlarımızın ictimai-siyasi proseslərdə yaxından iştirak etmələrinə və dövlət qurumlarında geniş təmsil olunmalarına həmişə xüsusi diqqət yetirmişdir. Azərbaycan qadınlarının 25 il əvvəl Ulu Öndərin təşəbbüsü ilə keçirilən ilk qurultayı ölkəmizdə qadın hərəkatının keyfiyyətcə yeni mərhələsini başlatmışdır. Ötən müddətdə cəmiyyətdəki mövqeləri daha da möhkəmlənən qadınlarımız respublikanın sosial-iqtisadi və mədəni-elmi potensialının gücləndirilməsi işinə dəyərli töhfələr bəxş etmişlər. Onların təqdirəlayiq ictimai nüfuzu təməl prinsipləri Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlət qadın siyasətinin ardıcıl gerçəkləşdirilməsinin nəticəsidir”.

 

Dövlətimizin başçısı məmnunluq hissi ilə bildirib ki, Azərbaycan qadınları, eyni zamanda, maarifpərvər sələflərinin ənənələrini müvəffəqiyyətlə davam etdirərək, artan təşəbbüskarlıqları və dolğun sosial-mədəni fəaliyyətləri ilə ictimai həyatımıza yeni güc qatır, müstəqillik salnaməmizə parlaq səhifələr yazırlar. Hər bir nailiyyətimizdə qadınların böyük zəhməti vardır. Fədakar analarımızın Vətən sevgisinin bariz nümunəsi dövlətimizin suverenliyi və ərazi bütövlüyünün bərpası naminə döyüş meydanındakı unudulmaz rəşadəti ilə xalqımızın mübarizlik ruhunu nümayiş etdirən milli əqidəli gənc nəsildir.

 

“Azərbaycan öz tarixinin taleyüklü hadisələrlə zəngin, çox şərəfli bir dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışla bağlı hazırda genişmiqyaslı müxtəlif layihələr icra olunmaqdadır. Vətənimizin rifahı üçün var qüvvələrini əsirgəməyən qadınlarımız bu nəhəng quruculuq işlərinin fəal iştirakçılarıdır”, - deyə məktubda vurğulanıb.


Geri dön