Ana Sayfa > Karusel / Dünya > Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıyacaqmı...
Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıyacaqmı...16-10-2023, 12:00. Yazar: Admin |
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ötən həftə Azərbaycana gəlib. 200 nəfərlik heyətlə Bakıya gələn Tatar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Ersin Tatar Bakıda bir sıra vacib tədbirlərdə iştirak edib.
Şimali Kiprin müstəqilliyi 1983-cü ildə elan edilib, bu müddət ərzində onun müstəqilliyi Türkiyədən başqa heç bir ölkə tərəfindən tanınmayıb. Türk Cümhuriyyəti İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı yanında müşahidəçi statusuna malikdir.
Ersin Tatarın səfəri fonunda Azərbaycan Respublikasının Şimali Kiprin müstəqilliyini tanıması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Bununla bağlı müxtəlif fikirlər və versiyalar irəli sürülür. Bəziləri rəsmi Bakının Şimali Kipri müstəqil ölkə kimi tanımalı olduğunu bildirir. Lakin bunun əksini düşünənlər də az deyil.
Bundan əvvəl bir sıra ekspertlər iddia edirdi ki, Azərbaycanın Şimali Kipri tanımamasının əsas səbəblərindən biri Qarabağ məsələsi idi ki, bu da artıq öz həllini tapdı. Sonrakı mərhələnin necə olacağı isə maraqlıdır. Azərbaycan dövləti tərəfindən Türk dövlətinə dəstək verilir.
Bu ilin sentyabrın 7-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin nazirləri ilə görüş keçirib. Görüş zamanı Prezident İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının iclasında Şimali Kipr Türk Respublikasının bayrağının dalğalandırılmasını sevindirici və mühüm hadisə olduğunu qeyd edib. Dövlət başçısı həmin bayrağın TDT-nin Azərbaycanda keçiriləcək tədbirlərində bundan sonra da dalğanalacağını bəyan edib:
“Bu gün bizim aramızda ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsi də iştirak edir. Şimali Kiprdən olan türk qardaşlarımızı xüsusilə salamlamaq istəyirəm. Nazir burada müşahidəçi kimi, amma eyni zamanda, öz bayrağı ilə təmsil olunur. Təbii ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır”.
Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilərmi?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Qarabaginfo.az xəbər verir ki, hazırkı vəziyyətdə Azərbaycan daha ciddi və ehtiyatlı addımlar atmalıdır:
“Hesab edirəm ki, qardaş Şimali Kipr Türk Cümhuriyyətinə hansısa səviyyədə dəstək verəcəyik. Bunun üçün gərək ciddi və ehtiyatlı addımlar ataq. Burada bir çox məsələ nəzərə alınmalıdır. Həm Türkiyənin, həm Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri var. Bu əlaqələr nəzərə alınmalıdır. Hazırda Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək səviyyədə deyil, müəyyən gərginlik var".
Keçmiş diplomat vurğulayıb ki, bu baxımdan Azərbaycanın Şimali Kipri tanıması müəyyən addım tələb edir.
"Biz onları əziz bir xalq kimi tanıyırıq. Sadəcə Şimali Kiprlə gələcək əlaqələrə baxmalıyıq. Yaxın gələcəkdə bu kimi addımları, əməkdaşlıqları görə bilərik. Amma qeyd etdiyim kimi, Azərbaycan bunun üçün daha ehtiyatlı addımlar atmalıdır. Bilirisiniz ki, bizim Yunanıstanla da əlaqələrimiz var. Bunlar nəzərə alınmalıdır”, - Tofiq Zülfüqarov qeyd edib. Geri dön |