Ana Sayfa > Karusel / Region / Müsahibə > Köçəryana dedim ki, geri çəkil... - Müharibə veteranı Modern.az-a DANIŞIR
Köçəryana dedim ki, geri çəkil... - Müharibə veteranı Modern.az-a DANIŞIR5-10-2023, 15:59. Yazar: Admin |
Azərbaycan əleyhinə cinayət törədən separatçıların "ov"una başlanılıb. Əli azərbaycanlıların qanına batmış separatçılar tutuluraq Bakıya gətirilir. İndiyədək 8 separatçı və cinayətkarın tutulduğu məlumdur. Bunlar Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan, Davit Manukyan, David Babayan, Levon Mnatsakanyan və Ruben Vardanyandır.
Vaxtilə Azərbaycana qarşı qatı cinayətlər törətmiş Robert Köçəryan, Serj Sarksiyan, Seyran Ohanyanın da mühakimə olunacağı gün uzaqda deyil. Onlar Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı soyqırımlar törədiblər və həbs edilməlidirlər. Modern.az-a danışan Birinci Qarabağ Müharibəsinin veteranı Zahid Abbasov Serj Sarksiyan və Robert Köçəryan ən qatı cinayətkarlar olduğunu vurğulayıb:
"Mən birinci Qarabağ müharibəsində Şuşanın müdafiəsi uğrunda döyüşlərdə iştirak etmişəm. Qarabağ qazisiyəm. Şuşaya hücum vaxtı mən şəxsən Serj Sarkisyanı tankın üstündə görmüşdüm. Həmin hadisə ilə bağlı izahatımı yazılı formada hələ 1993-cü ildə Prokurorluğa vermişəm. Serj Sarkisyanla Robert Köçəryanın əli yalnız Şuşadakı cinayətlərə bulaşmayıb. Qarabağ probleminin yaranmasında bu şəxslərin əli var". Z.Abbasov ilk başlarda Köçəryana bu işdən əl çəkməyi təklif etdiyini vurğulayıb:
"İlk olaraq Robert Köçəryan qatı ekstermistdir. Onun da daxil olduğu 8 nəfərlik Krunk cəmiyyəti yaradılanda mən vilayətdə işləyirdim. Köçəryan da mənim tabeliyimdə işləyirdi. Onlar Moskvaya yollanmışdılar. Bunları Moskvada Milli Məsələlər üzrə Şöbə müdürü Mixayılov qəbul etmişdi. Köçəryan və digər 7 nəfəri mitinqlərə başlamağa çağırmış və torpaqların alınıb onlara verilməsinə kömək edəcəyi ilə bağlı söz vermişdi. Həmin şəxslər Moskvadan qayıtıqdan sonra Robiki (Robert Köçəryan-red) Xankəndidə gördüm və dedim ki, “Geri çəkil, belə işlərə sən baş qoşma. Bu işlər konstitusiyaya ziddir və istəyiniz baş tutan deyil”. O isə mənə dedi ki, “Bizə Mixayılov söz verib. Əgər bu yalandırsa, sən çatdıra bilirsənsə, yuxarı təşkilatlara çatdır, qoy, Mixayılov Pravda qəzetində balaca bir xülasə versin ki, mən onlara söz verməmişəm. Bundan sonra hamı yerində sakit oturacaq”. Həmin vaxt öz imkanlarımdan istifadə edib, bəzi orqanlara bu məsələni çatdırmışdım. Lakin Mixayılov o sözə təkzib vermədi və mitinqlər yavaş-yavaş başladı. Yəni bütün bunlarla Köçəryanın ilk vaxtlardan ekstermistlərin başçılarından olduğunu demək istəyirəm. Həm Köçəryan, həm də Sarksiyan Xocalı faciəsinin təşkilində və digər cinayətlərdə iştirak ediblər. Ona görə də hər ikisi mütləq surətdə tutulmalıdır".
Z.Abbasov qeyd edib ki, Ermənistan özü bu iki şəxsi Azərbaycana təhvil verməyə məcburdur:
"1993-cü ildə hər iki terrorçu barədə cinayət işi açılıb. Bunu dəqiq bilirəm. O vaxt "Interpol"a verilib-verilmədiyini isə bilmirəm. Verilibsə, belə yenidən "İnterpol"a adları təqdim olunmalıdır. Köçəryan və Sarkisyan adlı bu iki cani Ermənistandan çıxan kimi tutulmalıdır. Hətta, Ermənistan hökuməti özü onları tutub, Azərbaycana verməyə borcludur. Mən inanıram ki, onları Ermənistan verəcək. Sülh müqaviləsinin necə bağlanmasından da çox şey asılıdır. Əgər orada anlaşma əldə olunarsa, düşünürəm ki, bu məsələ öz həllini tapacaq. Onlar bu gün Ermənistan üçün də təhlükəlidir. Hər gün bu iki ekstermist ölkədə mitinqlər təşkil edirlər". Geri dön |