Ana Sayfa > Karusel / Dünya > Cənubi Qafqaz və Qarabağ: Qlobal və regional güclər nəyə çalışır... - TƏHLİL
Cənubi Qafqaz və Qarabağ: Qlobal və regional güclər nəyə çalışır... - TƏHLİL12-09-2023, 17:46. Yazar: Admin |
Cənubi Qafqaz tarixən böyük geopolitik önəmə malik region kimi diqqəti cəlb edib. SSRİ-nin dağıldığı dönəmdə Rusiyanın təsir dairəsindən qismən çıxan bölgəyə digər regional və qlobal aktorların marağı artıb. Tədricən ABŞ və Avropanın timsalında Qərb Qafqazda möhkəmlənməyə cəhd göstərib. Rusiyadan fərqli olaraq, Qərbin təkcə sərt gücə söykənməyən yayılma siyasəti mədəni və sosial-iqtisadi xarakter daşıdığı üçün yenicə müstəqillik qazanmış region ölkələrinə ilkin dövrdə dəstək göstərilməsindən tutmuş, münaqişələrin həllində vasitəçilik xidmətlərinin göstərilməsinə qədər geniş spektrə malik olub.
Regionun ənənəvi gücləri olan Türkiyə və İranın da SSRİ-nin dağılmasından sonra Qafqazda təsiri artıb. Qeyd etmək lazımdır ki, Qərb daim Gürcüstanı, İran və Rusiya Ermənistanı, Türkiyə isə Azərbaycanı bölgədəki təbii müttəfiqi hesab edib. Təbii ki, adıçəkilən siyasi mərkəzlər regiondakı digər ölkələrlə müəyyən münasibətlər qurub. Lakin tarixi-mədəni və geopolitik baxımdan təsnifat yuxarıda qeyd olunan kimidir. Son illər güclənən və ayrıca qlobal güc qütbünə çevrilmək niyyətində olan Çinin də regiona marağı artmaqdadır.
Çin həm Azərbaycanla, həm də Ermənistan və Gürcüstanla əlaqələrini inkişaf etdirməyə can ataraq Qafqazda maraqlarını təmin edə biləcək tək "yumşaq resurs"u olan iqtisadi amil üzərindən dayaq formalaşdırmağa çalışır. Tarixi-mədəni kontekstdə Qafqazla bağları o qədər güclü olmayan mərkəz olaraq, Pekinin bu strategiyası ağlabatandır. Son illər elm və təhsil kimi humanitar sferalarda da Çinin bölgədə əlaqələr formalaşdırmağa çalışması müşahidə olunur.
Qlobal və regional güclərin Qafqazda təsir dairəsini genişləndirmək və bölgədə möhkəmlənmək imkanlarına nəzər yetirək: Qarabağ məsələsi üzərindən.
Rusiyanın yanaşmasını gözdən keçirdikdə, aydın olur ki, uzun müddət Moskva Qarabağ məsələsindən regionda mövcudluğunu qorumaq, Çar Rusiyası dövründən əlində saxladığı - Osmanlı və İranla apardığı müharibələrdə qan tökərək əldə etdiyi, Gülüstan və Türkmənçay müqavilələri ilə rəsmiləşdirdiyi - mövqelərini rəqiblərinə güzəştə getməmək xəttini yürüdüb.
II Qarabağ müharibəsindən sonra bölgəyə sülhməramlı hərbi kontingentini yerləşdirən Moskva Qərbin təşkil və təklif etdiyi danışıqlar masasında məsələnin yekun həllinə - sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olur. Ukrayna ilə müharibədə üzləşdiyi çətinliklərin Rusiyanı zəiflətməsi onun alətlərinin effektivliyini azaltsa da, Moskva Qafqazda var olmaqda qərarlıdır.
Kollektiv Qərb isə Rusiyanın Cənubi Qafqazdan çıxarılmasında və bölgənin Avro-Atlantik məkana inteqrasiyasında maraqlıdır. Gürcüstan bu istiqamətdə müəyyən addımlar atsa da, hələlik Aİ və NATO üzvlüyündən uzaqdır. Ermənistan da Paşinyan hakimiyyətə gələndən bəri Qərbə doğru istiqamətlənməyə can atır.
Lakin sələflərinin rusiyayönümlü siyasəti İrəvanı KTMT, Aİİ kimi Moskva meqalayihələrinin bir parçasına çevirib. Ermənistanda Rusiyanın hərbi bazası da mövcuddur. Hələlik Qərb sadəcə Aİ müşahidə missiyası simasında Ermənistana gəlib çıxıb. Hələlik proses olduqca zəif gedir və necə nəticələnəcəyi bəlli deyil.
Nəzərə alsaq ki, Rusiyada Paşinyan hakimiyyətinin erməni toplumunda diskreditasiyasına və hakimiyyətini itirməsinə hesablanmış planın işə salınması ilə bağlı əlamətlər müşahidə olunur, onda Qərbin Ermənistanda möhkəmlənməsinin qarşısındakı əngəlin böyük olduğu iddiası mübahisə götürməyən reallıq kimi qəbul edilə bilər.
Azərbaycanın yanaşmasına gəldikdə, rəsmi Bakı uzun illər balanslaşdırılmış siyasət yürüdüb. Qoşulmama Hərəkatının ən aktiv üzvlərindən olan Azərbaycan nə Qərbə inteqrasiya xəttində, nə də Rusiyanın geopolitik layihələrində iştirak məsələsində öhdəlik doğuracaq addımlar atmayıb. Doğrudur, Şərq Tərəfdaşlığı, NATO ilə sülhməramlı missiyalarda əməkdaşlıq, eləcə də Müstəqil Dövlətlər Birliyinin fəaliyyətində iştirak edilməsi kimi faktlar var, amma Bakı nə Gürcüstan qədər Qərbə, nə də Ermənistan qədər Rusiyaya yaxınlaşmayıb.
İranın Qafqaz siyasəti isə ekspansiya və möhkəmlənmək üzərində qurulub. Ermənistanın dəstəklənməsi, Azərbaycanla zahirən enişli-çıxışlı, lakin reallıqda daha çox "enişli" münasibətlər, Gürcüstanın isə Qara dənizə - Avropaya çıxış limanı kimi qəbul edilməsi Tehranın yürütdüyü kurs üçün xarakterikdir. İran müəyyən etnik-dini və tarixi-mədəni alətlərə malik olsa da, daha çox hədə və diktə ritorikasından istifadə etdiyi üçün bunların təsirini xeyli dərəcədə itirib.
Rusiyanın xüsusən yaşlı nəsilə sovet nostalgiyası, Qərbin isə gəncliyə iqtisadi rifah və sosial-siyasi azadlıqlar vəd etməsinə qarşı İranın Qafqaza vəd edə biləcəyi nəsə - nə "parlaq keçmiş", nə də işıqlı gələcək var. Bu amil Tehranın Qafqaz siyasətinin ən zəif tərəfini təşkil edir. Buna görə də daha çox hərbi-siyasi xarakterli vasitələrə əl atan İran uğursuzluğa düçar olmağa məhkumdur.
Türkiyənin Qafqazla bağları olduqca güclü, əlaqələr olduqca dərin və köklüdür. Qardaş ölkəni Rusiya və İrandan fərqləndirən əsas cəhət Cənubi Qafqazın dövlətə malik olan hər 3 xalqı ilə tarixi münasibətlərə malik olmasıdır. Əvvəlcə onu qeyd edək ki, Qafqaza XVIII-XIX əsrlərdə gələn Rusiya regiona yad siyasi gücdür. Tarix üçün 200-300 il o qədər də böyük rəqəm deyil.
Üstəlik, yuxarıda qeyd olunduğu kimi, Qafqaza gəlişi qanla başlayan Rusiyanı qafqazlılarla çox az mədəni bağlar bağlayır. Hər nə qədər sovet hakimiyyətinin müəyyən periodunda savadsızlığın ləğvi kimi elm-təhsil və mədəni inkişaf baxımından vacib addımlar atılıbsa da, necə deyərlər, onun "götürdükləri gətirdiklərindən çoxdur".
İranın da Qafqazla bağları Türkiyəninki ilə müqayisə oluna bilməz. Tarixin bir hissəsində müasir İran ərazilərini Azərbaycan türkləri idarə etsə də, qırılma bu izləri kollektiv yaddaşdan siləcək qədər böyük olub. Ermənilər İranda icma kimi yaşasa da, gürcü milli kimliyində İran hələ də tarixi düşmən və işğalçı sayılır. Bunlarla yanaşı, hazırda mövcud olan teokratik sistemin təqdim etdiyi həyat tərzi müsəlman azərbaycanlılara, azı xristian erməni və gürcülərə olduğu qədər uzaqdır.
Türkiyə isə Azərbaycanla təsvirinə ehtiyac duyulmayan qardaşlıq münasibətlərinə malikdir, Gürcüstan üçün Qərbə açılan qapı və NATO üzvü olan dəyərli iqtisadi-siyasi müttəfiqdir. Ermənistanla Türkiyə arasında hər nə qədər kəskin münasibətlər olsa da, son illər normallaşma prosesi geniş vüsət alıb və proses davam edir. Paşinyan Ermənistanı da Türkiyəni Avropaya gedən yolda "baş keçid" kimi görür.
Rusiyanın Qafqaza gəlməsindən sonra yaranan problemlər və fransız inqilabından sonra gedən millətləşmə prosesi türklərlə erməniləri bir-birinə düşmən etsə də, unutmaq olmaz ki, Osmanlı dövründə erməni tacirləri sülh içində alış-verişləri ilə məşğul olub, erməni təbəəsi dövlət idarələrində yüksək vəzifələr tutub, dini ayinlərini azad şəkildə icra ediblər.
Sonradan "milləti-sadiqə" ünvanına xilaf çıxan ermənilər Qərb imperiyalarının və Çar Rusiyasının fitnəsinə uyaraq Osmanlı dövlətinə - əslində o dövr üçün öz vətənlərinə xəyanət etsələr də, bu gün də Türkiyədəki erməni icması rahat şəkildə bərabərhüquqlu vətəndaş kimi yaşayır, öz dillərində məktəblərə, mətbuat orqanlarına, kilsələrə malikdir.
Yenidən Qarabağ məsələsi kontekstində qlobal və regional güclərin oynadığı rola baxaq. Rusiya məsələnin həllini mümkün olduğu qədər yubatmağa çalışır. İran Azərbaycanın güclənəcəyi istənilən ssenarinin əleyhinədir. Qərb tezliklə sülh əldə olunmasının və bu yolla Rusiyanın regionda qalmaq üçün bəhanələrinin aradan qalxması üçün əlindən addımlar atır. Türkiyə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının, sülhün məhz Azərbaycanın maraqlarına uyğun reallaşmasının baş verməsi üçün əlindən gələni edir...
Geri dön |