Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda pensiyalar arta bilər - İlin sonunda...
Azərbaycanda pensiyalar arta bilər - İlin sonunda...7-09-2023, 11:12. Yazar: Admin |
Azərbaycanda pensiyaçıların sayı azalıb. Belə ki, ötən ilin iyul ayının 1-i ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların sayı 5,4 faiz daha azdır. Əlilliyə görə pensiya alanların sayı 16,4 faiz, ailə başçısını itirməyə görə pensiya alanların sayında isə 9,7 faiz azalma olub.
Pensiyaçıların sayının niyə azaldığı barədə rəsmi açıqlama verilməyib. Sosial şəbəkələrdə sayın azalmasının pensiya məbləğlərinin artmasına gətirib çıxaracağı barədə iddialar yayılıb.
Ümumiyyətlə pensiyaçıların sayının azalması nə ilə əlaqədardır? Pensiyaçıların sayının azalmasından sonra təqaüd məbləğlərinin artması mümkündürmü?
Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, pensiyaçıların sayının azalmasının səbəblərini izah edib:
“Bunu dəqiq izah etmək üçün pensiyaçıların qruplarına baxmaq lazımdır. Pensiya alanlar 3 qrupdur: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya alanlar. Yaşa görə pensiya alanlar 64 faiz təşkil edir. Ümumi pensiya alanların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Həm əlilliyə, həm də ailə başçısını itirməyə görə pensiya alanların sayında azalma var. Bundan əsas rolu əlilliyin yenidən qiymətləndirilməsi, yeni yanaşmanın tətbiq olunması oynadı. Nəticədə, əlilliyə görə pensiya alanların sayında 50 min azalma oldu. Yəni 308 mindən hardasa, 258 minə qədər azalma baş verdi. Ailə başçısını itirməyə görə pensiyaçıların sayında da 330 minə qədər azalma olub. Beləliklə, hazırda 150 min nəfər yox,118 min nəfər ailə başçısını itirməyə görə təqaüd alır. Yalnız yaşa görə pensiya alanların sayında artım baş verib. Bu da əhalinin ümumi sayının artması ilə əlaqədardır. Əhalinin sayı yaşa dolanların sayını artırdı. Beləliklə, yaşa görə pensiya alanların sayında artım oldu. Hələ qadınların yaşının 6 ay uzadılması olmasaydı, hesab edirəm ki, yaşa görə pensiya alanların sayı daha da artardı”. E.Əmirov pensiyaçıların sayının artmasının təqaüdlərin artmasına səbəb olmayacağını düşünür:
“Pensiyaların artması əvvəlki illərdə olduğu kimi mövcud metodologiya əsasında, mövcud inflyasiya göstəricilərinə görə, minimum əmək haqqının, minimum pensiya məbləğinin indeksləşdirilməsinə görə müəyyənləşəcək. Yəni eyni artımlar olacaq”.
İqtisadçı ekspert Natiq Cəfərli isə vurğulayıb ki, Azərbaycanda pensiyanı yalnız əməyə görə vermirlər:
"Əlilliyə və ailə başçısını itirdiyinə görə də insanlar pensiya alırlar. Buna görə də, ölkədə təqaüd alanların sayında azalma var. Ən çox əlilliyə görə pensiya alanların sayında azalma müşahidə edilib. Burada əsas səbəb məhz bir ildən çoxdur ki, əlilliyin müəyyənləşdirilməsini qruplara görə yox, əmək qabiliyyətinin itirilməsinin faiz dərəcələrinə görə hesablanmasıdır. Buna görə də bu kateqoriyada təqaüd alanların sayında azalma müşahidə edilib. Digər yandan bəzi məmurlar xüsusilə də, regionlarda çalışanlar rüşvət qarşılığında, ümumiyyətlə hər hansı qeyri-qanuni yollarla insanlara əlillik müəyyənləşdirirdi Onlardan bir çoxu ləğv edildi. Burada müəyyən problemlər yaşandı. Bəzən haqqı çatanların belə əlillik dərəcələri ləğv olundu. Bununla bağlı məhkəmə işləri də olub". Ekspert söyləyib ki, pensiyaçıların sayının azalması ilə təqaüdlərin artırılması arasında birbaşa əlaqə yoxdur:
"Çünki təqaüdlərin artırılması büdcə müzakirələri zamanı büdcə zərfinə daxil edilir, ya da Prezident fərmanı ilə müəyyənləşdirilir. Bizdə minimum təqaüd 240 manatdan 280 manata çatdı. Beləliklə, ilin əvvəlində təqaüdlərin miqdarında 10-15 faiz artım olub. Ona görə də, ilin ortasında pensiya məbləğlərində artım olacağını düşünmürəm. İlin sonunda büdcə müzakirələri zamanı və ya büdcə qəbulundan sonra Prezident fərmanı ilə gələn il üçün müəyyən indeksləşdirilmə aparıla bilər və təqaüdlərdə təqribən 10 faizlik artım müşahidə edilə bilər". Geri dön |