Qarabağdakı separatçılar arasında gərginlik artıb. Sentyabrın 9-da qondarma rejimə yeni başçı seçməyə hazırlaşan terrorçular hətta bir-birinə silah qaldırmağı belə gözə alıblar. Xuntanın “dövlət naziri” adlandırdığı Samvel Şahramanyanın “prezidentliyə” namizəd irəli sürülməsini dəstəkləyənlərlə yanaşı, etiraz edənlər də var. Etirazçılar Şahramanyanın Rusiyanın əlaltısı olduğunu deyirlər.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə “Hraparak”ın məlumatında bildirilir.
Qeyd edilir ki, etirazçı qüvvələrdən birinə anti-Rusiya qanadının fəal nümayəndəsi Tiqran Petrosyanın rəhbərlik edir. Son günlər o, yenidən aktivləşib və Samvel Şahramanyanın başçı seçilməsinə qarşıdır. Hətta Tiqran Petrosyanın rəhbərlik etdiyi silahlı qüvvəni “seçki”lərə qarşı istifadə edə biləcəyi də vurğulanır.
Məlumata görə, Tiqran Petrosyanla yanaşı, “keçmiş müdafiə naziri” adlandırılan Samvel Babayan da Şahramanyanın separatçıların başına keçməsini istəmir.
Bu arada separatçıların “keçmiş ərazi idarəetmə naziri” Hayk Xanumyan da Facebook-da verdiyi açıqlama ilə Şahramanyana qarşı çıxdığını bəyan edib. O, Samvel Shahramanyanı separatçıların “ən uğursuz məmuru” adlandırıb.
“Hərbi xidmətdə bir gün belə olmayan bu adam general-mayordur, müxtəlif kabinetlərdə hərbi adlar qazanıb”, - Hayk Xanumyan deyib.
Qarabağdakı separatçı rejimin qondarma “parlamenti”ndə təmsil olunan 5 “fraksiya”dan 4-ü xuntanın “dövlət naziri” adlandırdığı Samvel Şahramanyanı “prezidentliyə” namizəd irəli sürüb.
Qeyd edilir ki, separatçıların yeni başçısı bu şənbə, sentyabrın 9-da separatçı rejimin qondarma “parlamenti”ndə seçiləcək.
Xatırladaq ki, Xankəndidə məskunlaşan erməni separatçılarınmın keçmiş başçısı Arayik Arutyunyan sentyabrın 1-də “istefa” vermişdi.