Ana Sayfa > Karusel / Gündəm > Gömrükdə korrupsiya əməliyyatı: Rüşvətlə maşın keçirən məmur TUTULDU
Gömrükdə korrupsiya əməliyyatı: Rüşvətlə maşın keçirən məmur TUTULDU5-09-2023, 17:15. Yazar: Admin |
Xəbər veridiyi kimi qanunsuz olaraq avtomobil idxalına dair Dövlət Gömrük Komitəsindən Baş Prokurorluğa daxil olmuş məlumat əsasında başlanmış cinayət işinin istintaqı davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətindən Qarabaqinfo.az-a verilən xəbərə görə, cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən istintaq-əməliyyat tədbirlərilə qeyd olunan qurumun Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin rəisi vəzifəsində işləyən Anar Aslanovun ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 55 min manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmasına, yəni 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 400 avtomobili qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış sübutlar əsasında Anar Aslanova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Geri dön |