Ana Sayfa > Karusel / Cəmiyyət > Quru sərhədləri niyə açılmır - Dövlətin bildiyi, bizim bilmədiklərimiz var...
Quru sərhədləri niyə açılmır - Dövlətin bildiyi, bizim bilmədiklərimiz var...23-08-2023, 17:09. Yazar: Admin |
Azərbaycanda COVİD-19-la bağlı məhdudiyyətlərin demək olar ki, hamısı aradan qaldırılıb. Ancaq quru sərhədləri hələ də bağlıdır. Sonuncu dəfə karantin müddəti oktyabrın 2-dək uzadılıb.
COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda "xüsusi karantin rejimi" 2020-ci ilin mart ayından etibarən tətbiq edilir. Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 ildən çoxdur ki, bağlıdır.
Cəmiyyəti ən çox maraqlandıran məsələlərdən biri də quru sərhədlərinin nə vaxt açılacağıdır. Son günlər bu məsələ yenidən müzakirəyə açılıb.
Pandemiyanın bitməsinə baxmayaraq, quru sərhədlərimiz niyə açılmır? Quru sərhədlərinin nə vaxt açılması planlaşdırılır?
Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, quru sərhədlərinin bağlı qalması cəmiyyətimizi narahat edir:
“Əslində, quru sərhədlərinin açılması cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdəndir. Zaman-zaman bu məsələ aktuallaşır. Bunu anlamaq olar. Sərhədyanı ərazilərdə yaşayan soydaşlarımızın həmsərhəd ölkələrə turizm və ya müalicə ilə bağlı gediş-gəlişi əvvəlki kimi rahat deyil. Bu, eyni zamanda cəmiyyətimizi narahat edir. Vaxtilə karantin rejimi ilə bağlı pandemiya əleyhinə tədbir kimi quru sərhədləri bağlanıb. Uzun müddətdir ki, bağlıdır. Karantin rejimi bitib, bütün məhdudiyyətlər qaldırılsa da quru sərhədləri bağlıdır. Vəziyyətin belə olmasının təhlükəsizlik məsələləri ilə bağlı olduğunu istisna etmirəm". Deputat burada məqsədin sərhədlərboyu təhlükəsizliyin qorunması olduğunu düşünür:
"Azərbaycan-Ermənistan şərti sərhədində nə qədər böyük gərginlik var. Gündə təxribatlar baş verir, atışmalar olur. Bu cür vəziyyət bizim digər ölkələrlə sərhədlərdə sui-istifadə hallarının baş verməsini istisna etmir. Əlbəttə ki, nikbin olmalıyıq. Müəyyən müddət gözləmişiksə, biraz da gözləyə bilərik".
K.Bayramov yaxın vaxtlarda quru sərhədlərinin açılacağını gözləmədiyini deyib:
"Sözün düzü, mən yaxın vaxtlarda quru sərhədlərinin açılacağına inanmıram. Ancaq yenə də, bununla bağlı qərar hökumətdən asılıdır. Şübhəsiz ki, hökumət müəyyən təhlillər, tədqiqatlar aparır. Vəziyyəti qiymətləndirir. Bunun əsasında qərar qəbul edilə bilər. Zənnimcə, hələ bu gözlənilmir. Azərbaycan-Ermənistan şərti sərhədində baş verənlər quru sərhədlərinin açılmasını mümkünsüz edir". Milli Məclisin digər bir deputatı Nəsib Məhəməliyev isə deyir ki, quru sərhədlərinin açılmaması ilə əlaqədar Operativ Qərargahın əlində kifayət qədər əsaslar var:
"Pandemiya təbii ki, azalıb. Ancaq düşünürəm ki, Azərbaycan quru sərhədlərinin açılmaması indiki vəziyyətdə dövlətin təhlükəsizlik məsələləri ilə bağlıdır. Cənab Prezidentin sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyət göstərir. Zaman-zaman sərhədlərin açılması və karantin rejimini uzadılması haqqında qərarları həmin Qərargah verir. Onlarda informasiya daha çoxdur. Düşünürəm ki, indiki mürəkkəb zamanda onların əlində kifayət qədər əsaslar var ki, quru sərhədlərini bağlı saxlayırlar. Ola bilsin ki, bu pandemiya ilə əlaqəli deyil, daha çox dövlətin təhlükəsizliyi ilə bağlı məsələdir. Bu baxımdan Operativ Qərargaha, öz dövlətimizə inanaq".
Deputat insanları səbirli olmağa çağırıb:
"Azərbaycan Ermənistan münasibətləri tənzimlənməyib. Ermənistan və onun havadarları yenidən müharibə çağırışları edirlər. Yenidən Ermənistan ordusunu silahlandırılar. Nəzərə almalıyıq ki, Ermənistanın ətrafında Azərbaycan və Türkiyə əleyhinə yeni bir blok formalaşdırılır. Bu baxımdan hesab edirəm ki, həm cənubdan, həm şimaldan, həm də qərbdən sərhədlərimizin qorunması məsələsi xalqımız tərəfindən anlayışla qarşılanmalıdır. Müəyyən dövr üçün biz səbirli davranmalıyıq". Milli Məclisin deputatı Musa Qasımlı vurğulayıb ki, quru sərhədlərinin açılmamasının bizə məlum olmayan dərin səbəbləri var:
"Quru sərhədlərinin açıq yoxsa, bağlı olması dövlət qurumlarının bilavasitə səlahiyyətindədir. Dərin səbəblər olmasaydı, indiki vəziyyət bəlkə də, yaranmazdı. Görünür, bizim bilmədiyimiz məsələlər var. Dövlət bu məsələləri hamıdan daha yaxşı bilir". Geri dön |