Ana Sayfa > Karusel / Yazar > CİNGİZ ABDULLAYEVƏ AZƏRBAYCAN DİLİNDƏ CAVAB
CİNGİZ ABDULLAYEVƏ AZƏRBAYCAN DİLİNDƏ CAVAB10-09-2020, 18:04. Yazar: Admin |
Təbii ki, insanlarımız nə qədər çoxlu əcnəbi dil bilsə o qədər yaxşıdır. Eyni zamanda cəmiyyətimizin inkişafı, dünyada cərəyan edən proseslərin episentrində olmaq və orada strateji mövqe qazanmaq üçün xüsusən də dünyada aparıcı sayılan əcnəbi dilləri bilmək vacibdir və lazımdır. Dünyanın bir çox ölkələrində həmyerlilərimiz yaşayır. Təbii ki, biz istəyirik ki, onlar yaşadıqları ölkədə müəyyən mühüm məqamlar əldə etsinlər. Bunun üçün yaşadıqları ölkənin dövlət dilini bilmək, özü də mükəmməl bilmək vacib amillərdən biridir. Sözsüz ki, bunu sistematik planlaşdırmaq və global həyatımızda kor-koranə deyil, məhz planlı şəkildə təşkil etmək mümkün olsa bundan qazanan yalnız Vətən olar. Lakin məsələ bunda deyil. Gəlin məsələyə bir də belə baxaq. Elə bu günlərdə Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin ölkədəki rusdilli məktəblərin bağlanmasını istəyənlərə verdiyi cavabı mən də oxudum. İlk olaraq qeyd edim ki, hörmətli Çingiz müəllim elə bir zəka sahibidir ki, o düşünmədən-təsadüfi bir fikir söyləməz. Lakin gəlin hafizələrimizi təzələyək. Hələ müstəqilliyimizi qazananadək, rus imperiya maraqları milli kimliyimizi məhv etmək, bizləri milli kökdən və milli ruhdan ayırmaq üçün ana dilimizin başına açmadıqları müsibət qalmadı. SSRİ dönəmində azərbaycan dilinin qorunması və dövlət dili statusu kimi yaşaması və inkişaf etməsi üçün ümummilli lider Heydər Əliyevin əvəzsiz və zamanında özünün varlığı üçün belə imperiya tərəfindən çox təhlükəli sayılan xidmətləri danılmazdır. Onun keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu daha da yüksəltdi. İnsanlarımızı 30-cu illərin xofundan bir az da oyatdı. Ümummilli lider Heydər Əliyev özü dəfələrlə çıxışlarında xatırladırdı ki, ömrünün böyük bir hissəsi rus dili ilə sıx əhatəli olubdur. Bu bizlərə də yaxşı məlumdur. Lakin qeyd edək ki, buna baxmayaraq o, öz ana dili və dövlət dili olan Azərbaycan dilində qatqısız və çox mükəmməl danışırdı. Lap gənclik vaxtlarından Naxçıvandan ayrılmasına baxmayaraq, dünyasını dəyişənədək, şəkilə şikil deməsi heç vaxt yadımdan çıxmır. Bu Vətəninə, millətinə, milli dəyərlərinə bağlı olan bir insanın genetik milli ruhundan heç vaxt ayrılmadığının göstəricisiidir. Elə burada səhv etmirəmsə keçən il sosial şəbəkələrdən rastlaşdığım bir məsələni xatırladım, Çingiz müəllim bir ictimai təşkilatın görüşündə vətəndaşlarla şəkil çəkdirərkən maraqlı bir dialoq yarandı. O, dialoq əsnasında “… yaxşıdır müstəqillik, amma Azərbaycan müstəqil olmalıdır…” sözlərini deyən Çingiz Abdullayev məni təəccübləndirdi. Əcaba, Azərbaycan müstəqil deyil? Yuxarıda qeyd etdiyim kimi, axı bunu deyən sıradan biri yox, məhz dünya görüşü, intellektual səviyyəsi yüksək olan, nə danışdığını yüz ölçüb bir biçən, dünya şöhrətli Xalq yazıçımız Çingiz Abdullayev idi. Və o niyə belə desin? O, vaxtı dərdləşdiyim bir dostumla danışanda dedi ki, “… fikir vermə, Çingiz müəllimdir, ana dilini yaxşı bilmir.” Hörmətli Çingiz müəllim, niyə rus dili müstəqil dövlətimiz olan Azərbaycanımızda digər əcnəbi dilləri olan məsələn, ingilis, alman, fransız və s. dillərdən fərqli olaraq pulsuz, ana və dövlət dilimiz olan azərbaycan dili kimi eyni səviyyədə və eyni tədris statusunda tədris edilməlidir? Siz fikrinizdə çox düzgün qeyd edirsiniz ki, Rusiya mediasında erməni soyadlı jurnalistlər üstünlük təşkil edir. Doğrudan da Rusiyada, xüsusən də aparıcı media resurslarında aparıcı məqamlarda ermənilərdir. Və bunun lobbi fəaliyyətinin nəticəsi olmadığını qeyd edirsiniz ki, bununla razı deyiləm. Niyə? Hələ SSRİ dönəmindən Azərbaycanda yaşayan rusların sayı Ermənistan respublikasının ümumi sayının əhəmiyyətli sayını təşkil edirdi və bu gün də belədir. Bu gün səhv etmirəmsə 340-a yaxın məktəbdə rus dilində şagirdlərimiz təhsil alır. Sual? Belə olan təqdirdə, niyə bizimkilər ermənilərin Rusiyada tutduqları mövqeləri əldə edə bilməyiblər? Niyə, bizimkilər rus dilində səlis danışmağı bilmirlər? Şükür Allaha ağılları da, intellektual səviyyələri və istedadları da kifayyət qədərdir. Demək sizin gətirdiyiniz arqument doğru hesab edilə bilməz. Siz “Hörmətli yerli cahillər!” deyərək etdiyiniz çağırış, qarşı fikrə dözümsüzlük və hörmətsizlikdən başqa bir şey deyil. Eyni zamanda “ Ana dilini bilmək əvvəlcədən vacibdir və bu, müzakirə edilə bilməz…” cümlənizlə razıyam, sadəcə “Ana dili sözlərindən sonra MÜKƏMMƏL sözünü əlavə etmək istərdim ki, elə burada da ümummilli Lider Heydər Əliyevin “Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!” kəlamını xatırladım. Bir sözlə biz insanlarımızı milli ruhda, milli kimliyimizə bağlı elə yetişdirməliyik ki, “nicatımızı səndədir, ey böyük Rusiya” cəfəng və təhlükəli fikirlərdən uzaq olsun və bütün mənəvi dəyərlərə sahiblənsinlər. O qədər sahiblənsinlər ki, nəinki Azərbaycan Yazıçılar Birliyinin qərərgahında yerləşən bir sahədə “26” lar adı ilə kafe açsınlar, erməni – rus terrorunun banilərinə heç ayaqyolu adı da Vətənimizdə verilməsin. ONN Geri dön |