Ana Sayfa > Karusel / Cəmiyyət > Saxta məktəbli formaları uşaqlar üçün fəsadlar törədə bilər - XƏBƏRDARLIQ

Saxta məktəbli formaları uşaqlar üçün fəsadlar törədə bilər - XƏBƏRDARLIQ


14-08-2023, 14:00. Yazar: Admin

 

Saxta məktəbli formaları uşaqlar üçün fəsadlar törədə bilər - XƏBƏRDARLIQ

Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərara əsasən məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur.

 

Elm və Təhsil Nazirliyi valideynlərə yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etmələrini tövsiyə edib. Paytaxt ərazisində məktəbli formalarının 18 satış məntəqəsi mövcuddur (siyahi ilə bu linkdə tanış ola bilərsiniz).

 

Yeni dərs ilinin başlamasına təxminən 1 ay qalıb.  Artıq valideynlər məktəb hazırlıqlarına başlayıb. Ancaq məktəbli formalarını əldə edən bəzi valideynlər həm paltarların qiymətindən, həm də keyfiyyətindən narazıdır. Sosial şəbəkədə valideynlərdən bir neçəsi ticarət mərkəzlərində daha keyfiyyətli formaların olduğunu bildirir.

 

“Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov Qarabaqinfo.az-a açıqlamasında yeni formalar üçün müraciətlərin başladığını bildirib.

 

“Bizim Bakıda 10 mağazamız fəaliyyət göstərir. Hamısında satış var. Bu il sanki tez başlayıblar almağa. Yəqin ki, keçən ilki ajiotaj təkrar olunmaz. Başqa 7 rayonda da mağazalarımız var. Tövsiyyəmiz budur ki, valideynlər mənşəyi bilinməyən, zirzəmi şəraitində, qeyri-fabrik şəraitində tikilən məhsullardan almasınlar. Onların tərkibi bilinmir, sertifikatı yoxdur. Saxta formalar uşaqlar üçün fəsadlar törədə bilər. Təsadüfi yerlərdən, "Sədərək"dən alınan məhsulların uyğunluq sertifikatı yoxdur, bilinmir hansı materialdandır”.

 

Etibar Əzimov qeyd edib ki, bazarda çox məktəbli forması var, amma onların keyfiyyətləri bir-birindən fərqlənir.

 

“Köynəklər 100% pambıqdı, şalvar və ətəklər 60% yun, 40% poliestrildir. Dövlət bizə uyğunluq sertifikatı verib. Yəni yoxlayıb, baxıb ki, yaxşıdır, keyfiyyətlidir. Seçim açıqdır. Təkcə Bakı Tikiş Evi deyil. Bizdən başqa 4 tikiş evi də var ki, onlar da məktəbli forması tikirlər”.

 


Geri dön