Ana Sayfa > Karusel / Gündəm > Bal istehsalı az olub, qiymətlər artacaq - Saxta bal satanlar çoxalacaq...

Bal istehsalı az olub, qiymətlər artacaq - Saxta bal satanlar çoxalacaq...


14-08-2023, 10:47. Yazar: Admin

Bal istehsalı az olub, qiymətlər artacaq - Saxta bal satanlar çoxalacaq...

Bu il yaz aylarında və yayın əvvəlində Azərbaycanda hava şəraiti qeyri-sabit keçib, regionlara leysan tipli yağış yağıb, çaylardan sel keçib.

 

Qeyri-sabit hava şəraitinin arıçılıq sahəsinə ciddi mənfi təsir göstərdiyi ilə bağlı xəbərlər yayılıb. Bildirilir ki, məhsul az olub, buna görə satışı baha olacaq.

 

Bəs həqiqətən bal bazarında vəziyyət necədir? Qiymət artımı gözlənilirmi?

 

Azərbaycan Arıçılar Assosiasiyasının idarə heyətinin üzvü Elvin Bayramlı Qarabaqinfo.az-a açıqlamasında bildirib ki, bu il bal istehsalı həqiqətən aşağı olub, ancaq bunun səbəbi tam bəlli deyil:

 

“Qeyri-sabit hava şəraiti həmişə olur. Ancaq builki tamam fərqli səbəbdir. Araşdırlmayıb, ona görə də, bəlli deyil. Səbəb havanın yağışlı, soyuq, küləkli olması, gecə və gündüz temperaturun fərqli olmasıdırmı, məlum deyil. Bəlli olan odur ki, ötən illə müqayisədə 0-10 faiz arası məhsuldarlıq var. Elə region da var ki, 40-50 faiz arası məhsuldarlıq var".

 

E.Bayramlı istehsal az olduğu üçün balın qiymətinin artacağını vurğulayıb:

 

"Bazarda qiymət qalxacaq. Bu məcburi olacaq. Arıçılar bəzən 2 ramka balı götürüb süzür ki, gələn ilə qədər arının xərclərini qarşılasın. Həmin 2 ramka 5 kiloqram balla arı qışdan yaza çıxmır. O təbii balı götürüb, biraz artıq şəkər alıb arılarına verəcək. Şan, taxta və arı üçün dərman alacaq. Beləliklə arını müalicə edəcək ki, onu yaza sağ çıxrtsın. Buna görə də istər-istəməz qiymət qalxır. Keçən ilkinin 70 faizi-50 faizi qədər süzüm olsaydı, yenə qane olmaq olardı. Çox böyük əksəriyyəti 50 faizdən aşağıdır. Buna görə də qiymət qalxır. Qiymət artımı 5, 10 və 15 manat arası dəyişəcək. Bunun çıxış yolu yoxdur. Bal taxta, plastik geyim deyil ki?! Burada ya təbiət verir, istehsal olur, arılardan süzürük, ya da süzmürük. 25-30 manata satılan ballar 35-40 manata satılacaq. Minimum 5-10 manat qiymət artımı olacaq. Hər il 400 kiloqram bal, 30 ədəd şan çıxarılırdı. Bu il çıxarmağa şans yoxdur. Mən şəxsən 400 kiloqram çıxarmayacam, 200 kiloqram çıxaracam. Endirimsiz satacağıq. Ola bilər ki, kiməsə görə arıçılıq onun əsas qazanc yeri yox, hobbisi olar. O qiymətdə nəsə güzəşt edə bilər. Amma sənin əsas işin arıçılıqdırsa və arı da 20-30 faiz məhsul verirsə, burada başqa çıxış yolu qalmır. Tutaq ki, 1000 manat maaş alan biri indi 300 manat alacaq. Bunu düşünmək belə çətindir. 3 dəfə qazanc aşağı düşür. Başqa yol axtarılır. Arıçılıqda isə başqa yol yoxdur. İnsan ya saxtakardır, ya da sağlam arıçıdır. Sağlam arıçı arısına şərbət verəsi deyil. Vətəndaşlar saxta ballardan uzaq olsunlar. Endirimlərə, kampaniyalara aldanmasınlar".

 

Elvin Bayramlı bu vəziyyətdən idxalçı və saxtakarların qazanclı çıxacağını söyləyib:

 

"Bu vəziyyətdən qazananlar daha çox bal idxalçıları və saxta bal istehsalçıları olacaq. Keyfiyyətli bal gətirəcəksə, idxalçını başa düşmək olar. Azərbaycana isə keyfiyyətli bal idxal olunmur. Ancaq aşağı keyfiyyətli bal idxal olunur. Məsələn İrandan gətirilən balın 99 faizi saxtadır. Rusiyadan gətirilən ballar aşağı keyfiyyətli, yaxud da keyfiyyətsizdir. Keyfiyyətli bal idxal olunan da əksərən baha satılır.

 

Hansı dövlət qurumu bu sahəni araşdırırsa, bir müşahidə aparsın. Heç olmasa gələn il daha toparlanmış olaq. Heç olmasa, gələn il belə biabırçı vəziyyət yaranmasın  Arıçılara məsləhətim odur ki, nə olursa, olsun arılarına yem bazası yaratsınlar. Nə cür olursa olsun arılarını müalicə etsinlər ki, arıları yaza çıxsın".

 

Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli  isə Azərbaycanda bal istehsalının son illər genişləndiyini vurğulayıb.

 

"Əvvəllər çox məhdud sayda bal istehsalçıları var idi. Əsasən dağlıq yerlərdə bal saxlanılırdı. Son 10-15 ildə aran rayonlarında da bal saxlanmağa başlanıb. Bal istehsalı genişlənənə qədər bal idxal olunurdu. İndi bazarda, doğrudan da, bal qıtlığı varsa, bu kəsiri idxal balı ödəyə bilər. Ancaq mən daxili tələbatı ödəyən həcmdən az bal istehsal olunacağına inanmıram. Ötən illərdə biz artıq bal ixracı da edirdik".

 

Ekspert Azərbaycanda bal bazarının çox spesifik olduğunu qeyd edib:

 

"Çünki ona kərəyağı, çörək, buğda və ya un məmulatlarına olduğu qədər tələbat yoxdur. Ona tələbat kövrəkdir. Ona görə də, hazırda bazarda ciddi problem yaşandığını düşünmürəm. Əvvəlki illərdə yarmarkalara çıxarılan balların 10-15 faizi satılırdı. Azərbaycanda elə bol məhsula ciddi tələbat formalaşmayıb".

 

A.Nəsirli bal qiymətlərinin artacağını güman etmədiyini vurğulayıb:

 

"Bal adətən avqust ayında kütləvi şəkildə çəkilir.  Sentyabr ayında bal yarmarkası təşkil olunacaq. Düşünmürəm ki, balın qiymətində ciddi qiymət artımı olsun. Əhalinin alıcılıq qabiliyyəti də aşağıdır. Buna görə də, gəlirlərini daha vacib tələbata yönəldirlər. Bal isə Azərbaycan vətəndaşı üçün vacib tələbata çevrilməyib".


Geri dön