Ana Sayfa > Karusel / Sosial > İcbari tibbi sığortada hələ də problemlər var - Çünki...
İcbari tibbi sığortada hələ də problemlər var - Çünki...8-08-2023, 12:28. Yazar: Admin |
Əhalinin tibbi yardım almaq hüququnu təmin etməyə hesablanan icbari tibbi sığorta sisteminin Azərbaycanda tətbiqinə 2017-cı ildə pilot layihələr şəklində başlanıldı. 2020-ci ilin yanvarından isə yeni sistem ölkənin bütün şəhər və rayonlarında tətbiq olundu.
İcbari tibbi sığorta sisteminin Azərbaycanda tətbiq edilməsindən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də əhali arasında narazılıqlar var. Bəzi vətəndaşlar sığortadan istifadə edə bilmədiklərini, xəstəxanalarda problemlə üzləşdiklərini deyirlər. Ən çox şikayət növbə ilə bağlıdır. Belə ki, insanlar həkim qəbuluna düşmək üçün saatlarla növbədə gözləməli olurlar. Sığorta ilə bağlı digər mövzularda da şikayətlərə rast gəlmək olar.
Bəs problemlərin səbəbi nədir? Niyə əhali icbari tibbi sığortadan tam şəkildə istifadə edə bilmir?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Qarabaqinfo.az-a açıqlamasında icbari tibbi sığortanın səhiyyə sistemində önəmli yer tutduğunu deyib.
“Səhiyyə sahəsi çox mürəkkəbdir. Dünyanın hər yerində müəyyən problemlər olur. Hər bir narazılığı araşdırmaq, səbəbini tapmaq, obyektiv və subyektiv faktorları aradan qaldırmaq idarəedicinin borcudur. Tibbi sığorta Azərbaycanda yenidir. Hələ tam formalaşmayıb. Müəyyən qədər problemlər var. İstər kadr təminatı, maliyyənin az olması, istər idarəetmənin qeyri-peşəkar olması, istərsə də Səhiyyə Nazirliyi və TƏBİB arasındakı səlahiyyətlərin tam bölünməməsi ilə bağlı problemlər mövcuddur. Tibbi sığortanın qarşılayacağı xidmətlərin məbləğinin optimal olmaması məsələsi var. Bunlar aradan qaldırıla bilər. İcbari tibbi sığorta dünyada səhiyyə xidməti göstərilməsinin ən mükəmməl yoludur, daha yaxşısı yoxdur ki, biz ona keçək”, - deyə komitə sədri vurğulayıb.
Həkim, professor Adil Qeybulla da sistemin hələ "gənc" olduğunu, müəyyən problemlərin vətəndaşların səbirsizliyindən yarandığını bildirib.
“İcbari tibbi sığortanın tətbiqi ancaq alqışlanmalıdır. Amma təşkilati məsələdə müəyyən nöqsanlar var. Onları aradan qaldırmaq lazımdır. Birinci növbəlilik sistemidir. İnsanlar bir az hövsələsizdir. Düşünürlər ki, onlar zəng edəndə istənilən müddətə gedib müayinə oluna bilərlər, belə bir şey dünyanın heç yerində yoxdur. Doğuş və təxirəsalınmaz yardım üçün növbəlilik yoxdur, onlar dərhal həyata keçirilir. Digər bütün planlı müayinə və əməliyyatlar növbəlilik sistemi ilə həyata keçirilməlidir. İşin təşkili məsələsində olan qüsurlar bəzən vətəndaşlar tərəfindən şikayət olaraq qəbul edilir. Əlbəttə, problemlər var, çünki bizim üçün yeni təcrübədir”, - tanınmış həkim vurğulayıb.
Professor sistemdəki boşluqları aradan qaldırmaq üçün müxtəlif addımlar atılmalı olduğunu vurğulayıb:
“Bu boşluqları aradan qaldırmaq üçün əvvəlcə növbəlilik sistemini təmin etmək lazımdır. Hazırda rezervasiya sistemini qurmaq üçün proqramlar hazırlanır. Bundan sonra vətəndaşlar zəng edəcək, əgər planlı əməliyyatdırsa, növbəyə yazılacaq, təxirəsalınmaz problemdirsə, təcili müayinə olunacaq, əməliyyat olacaq, müalicə ediləcək və s. İşin təşkili, proqramın hazırlanması, rezervasiya sisteminin qaydaya salınması ən vacib məsələlərdəndir. Bu işin maarifləndirilməsi tərəfi də yetərincə deyil. Vətəndaşların məlumatlandırılması çox vacibdir. Hesab edirəm ki, işi intensivləşdirmək lazımdır. Qalan tibbi xidmətin göstərilməsi, peşəkarlıq məsələsi ilə bağlı Azərbaycanda problem yoxdur”. Geri dön |