Ana Sayfa > Karusel / Siyasət > İrandakı səfirliyimizin açılması yenidən GÜNDƏMDƏDİR

İrandakı səfirliyimizin açılması yenidən GÜNDƏMDƏDİR


28-07-2023, 17:06. Yazar: Admin

İrandakı səfirliyimizin açılması yenidən GÜNDƏMDƏDİR

 

Son günlər Azərbaycanla İran arasında münasibətlərin normallaşması prosesi müşahidə edilir. Ötən gün Azərbaycan və İran xarici işlər nazirlərinin telefon danışığında toxunulan mövzular tərəflərin "buzların əriməsində" maraqlı olduğunu göstərir.

 

Rəsmi məlumata görə, telefon danışığı zamanı iqtisadiyyat və nəqliyyat sahəsində əldə edilmiş ikitərəfli və regional razılıqların icrasının vacibliyi önə çəkilib. 


Nazir Ceyhun Bayramov Azərbaycanın post-münaqişə dövründə atdığı addımlardan bəhs edib. Bununla yanaşı, son zamanlar Laçın yolu ətrafında və bölgədə humanitar vəziyyət ilə bağlı yayılan iddiaların siyasi manipulyasiyadan başqa bir şey olmadığı diqqətə çatdırılıb, Ermənistan tərəfinin bölgədə təxribatlara son qoymasının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə sözdə və əməldə hörmət etməsinin zəruri olduğu vurğulanıb.

 

Nazirlərin diplomatik təmasları fonunda İranda Azərbaycan əleyhinə kampaniyanın səngiməsi xüsusilə diqqət çəkir. Eyni zamanda Tehranın Laçın yolu ətrafında erməni təxribatlarına dəstək verməməsini də qeyd etmək yerinə düşər.

 

Bəzi şərhçilərin fikrincə, İran tərəfi sərhəd olayına səssiz qalmağa, Azərbaycanı qəzəbləndirəcək addımlardan yayınmağa çalışır. Məqsəd səfirlikdəki terrordan sonra pozulan münasibətləri bərpa etmək, diplomatik korpusun geri qayıtmasına nail olmaqdır.

 

Belə məqamda Azərbaycanın hansı addımları atacağı maraq doğurur.  

 

Politoloq Qabil Hüseynli Modern.az-a bildirib ki, İranda Azərbaycan əleyhinə fikirlərin, ittihamların azalması müsbət məqam kimi qiymətləndirilə bilər. 


“İranla bağlı proseslər diqqətçəkicidir və müsbət təəssürat yaradan məqamlar var. Belə hesab etmək olar ki, İranda anti-Azərbaycan düşüncəsi tədricən səngiməkdədir. İran Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək fikrindədir. Bu barədə çox böyük imkanlar var. Məsələn, Şimal-Cənub dəhlizi və Araz çayı üzərində müxtəlif qovşaqların yaradılması barəsində planlar mövcuddur. Bunların həyata keçirilməsi münasibətlərin normal olmasını şərtləndirir. Bu mənada İranın sərgilədiyi mövqe başa düşüləndir”, - sabiq dövlət müşaviri deyib.

 

Q.Hüseynli vurğulayıb ki, iki ölkə arasında münasibətlərin yaxşılaşması səfirliyimizin fəaliyyətini yenidən bərpa etməsi ilə nəticələnə bilər:

 

“Əgər İran yenidən təxribatçı addımlar atmasa, səfirliyimizə hücum edən şəxsin bağlı olduğu adamları ifşa edib Azərbaycana bu haqda məlumat versə, səfirlik öz fəaliyyətini davam etdirə bilər. Ümumiyyətlə, İranın aqressiv baxışlarında dəyişiklik hiss olunsa da, səmimi əlaqələr yaratmaq istəyi hələ ortada deyil. Çünki arada SEPAH-ın simasında Azərbaycana qarşı fitnəkar çağırışlar edilir. Lakin bütün bunlar əvvəlki kimi intensiv deyil. İran normal addımlar atsa, münasibətlər yüksək səviyyəyə gələ bilər”.

 

 

Qeyd edək ki, iyulun əvvəlində Bakıda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan jurnalistlərə açıqlamasında önəmli mesajlar səsləndirib. O, ölkəsinin Azərbaycanla diplomatik əlaqələrinin bərpa olunacağına inandığını söyləyib.

 

"Azərbaycan İran üçün yaxşı qonşu, qardaş ölkə hesab olunur. İran və Azərbaycan xalqları regionda ən çox ortaq məxrəcə malik olan xalqlardır. Biz anlaşılmazlıqları aradan qaldıraraq ölkələrimiz və xalqlarımız arasındakı müştərək əlaqələri yenidən bərpa edə bilərik. Cənubi Qafqazdakı bütün problemlərin sülh və danışıqlar yolu ilə həll oluna biləcəyinə inanırıq”, - Abdullahiyan deyib.

 

Bundan əlavə, Tehrandakı səfirliyimizdə törədilən terror aktından söz açan XİN başçısı cinayətkara ən ağır cəzanın veriləcəyini diqqətə çatdırıb: “Azərbaycanın İrandakı səfirliyində hadisə törədən şəxsin istintaqı yekunlaşıb. Cinayəti törədən şəxsə ən ağır və şiddətli cəzalar veriləcək. Diplomatik korpusun təhlükəsizliyi ilə əlaqədar hər hansı şəxsin və ya qurumun iştirakı isbat olunarsa, onlar da öz cəzalarını alacaqlar”.

 

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədilib. Hücum zamanı bir səfirlik əməkdaşı həlak olub, iki nəfər isə yaralanıb. Terror olayı ilə əlaqədar səfirlik əməkdaşları və ailə üzvləri Azərbaycana gətirilib.


Geri dön