Ana Sayfa > Karusel / Təhsil > 688 bal toplayan tələbə: “Sosial şəbəkələrdən daha az istifadə etməli oldum

688 bal toplayan tələbə: “Sosial şəbəkələrdən daha az istifadə etməli oldum


9-09-2020, 10:50. Yazar: Admin

688 bal toplayan tələbə: “Sosial şəbəkələrdən daha az istifadə etməli oldum”

Təhsilimi yerli və xarici olmaqla iki universitetdə davam etdirmək istərdim”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri “oxu.az”a II ixtisas qrupu üzrə ali məktəbə qəbul imtahanlarından 688 bal toplayan Murad Mustafazadə deyib. M.Mustafazadə Sumqayıt şəhərində yaşayır və Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur.

O deyir ki, beşinci sinifə qədər Sumqayıt şəhəri 41 nömrəli tam orta məktəbdə təhsil alıb:

“Beşinci sinifdən imtahan verərək, yüksək nəticə ilə Təbiət Elmləri Təmayüllü Gimnaziyaya qəbul olmuşam. Dil biliklərimi təkmilləşdirməyə üstünlük vermişəm.

İELTS və digər sertifikatlarım var. Davamlı olaraq intellektual oyunlara qatılırdım, olimpiyadalarda iştirak edirdim.

Bu, biliklərimin dərinləşməsində çox önəmli nüanslardan biridir. 2019-2020-ci ildə keçirilən olimpiyadalarda coğrafiya fənni üzrə ikinci yer tutmuşam və tam orta təhsilimi qızıl medal, qızıl attestatla bitirdim”.

M.Mustafazadə ali məktəbə hazırlaşdığı zamanlarda özünə xüsusi məhdudiyyətlər qoymadığını deyir:

“Bu il nəinki mənə, bütün abituriyentlərin hazırlıq prosesinə pandemiyanın təsiri olub. Onlayn keçirilən dərslər zamanı çətinlik yaradan məqamlar olurdu.

Üzbəüz əlaqədə olmadığımız üçün suallar ünvanlamaq operativ cavab almaq bəzən mümkün olmurdu, amma müəllimlərimiz də əllərindən gələni edirdi. Bizlərə dəstək olurdu. Amma bütün hallarda mən özümə xüsusi məhdudiyyətlər qoymamışam.

Doqquzuncu sinfə qədər ixtisas qrupları barədə məlumatlar topladım və öz istəyimə uyğun ixtisas qrupunu seçdim.

Hazırlıq müddətində sadəcə sosial şəbəkələrdən daha az istifadə etməli və dərslərə daha məsuliyyətlə yanaşmalı olduğum fikrini özümə təlqin edirdim.

Mən iqtisadiyyat sahəsini, xüsusilə də biznesin idarə edilməsi bölməsini istəyirəm. Azərbaycanda biznesin idarəedilməsi çoxşaxəlidir.

Ali təhsil kimi həm yerli, həm də xarici universitetlərdən cavab gözləyirəm. Xüsusilə Türkiyənin Yaxın Şərq Texniki Universitetini (ODTÜ) nəzərimdə saxlamışam. Yerli ali məktəblərdən isə İqtisadiyyat Universitetinin tələbəsi olmaq istəyirəm”.

M.Mustafazadə də zəhmətinin bəhrəsini görən abituriyentlərdən biri kimi, sevincini ilk olaraq ailəsi ilə bölüşdüyünü deyir:

“Topladığım balı öyrəndiyimdə çox sevindim. İlk olaraq bu barədə ailəmə xəbər verdim. İnanıram ki, insan qarşısına məqsəd qoyanda hər şeyə nail ola bilər. Ali məktəbə hazırlaşan abituriyentlərə məsləhətim oldur ki, qarşılarına məqsəd qoysunlar.

Gündəlik plan tərtib etsinlər və ona uyğun zaman bölgüsü aparsınlar. Təbii ki, üstünlüyü dərslərə versinlər, amma çox oxumaq savadlı olmaq demək deyil. Əsas keyfiyyət göstəricisidir”. Baku.ws


Geri dön