Ana Sayfa > Karusel > Tanınmış vəkil köynəyini Gömrük Komitəsinin sədrinə bağışladı 

Tanınmış vəkil köynəyini Gömrük Komitəsinin sədrinə bağışladı 


21-07-2023, 12:08. Yazar: Admin

Tanınmış vəkil köynəyini Gömrük Komitəsinin sədrinə bağışladı 

 


Ölkəmizə "Trendyol" onlayn satış platformasından məhsul sifariş edən şəxsin 38 gündür sifariş etdiyi məhsul gömrükdə saxlanılıb. 

Qarabaginfo.az xəbər verir ki, vəkil Aqil Layıc "Facebook" hesabında Türkiyədən sifariş etdiyi köynəyin gömrükdə saxlandığını yazıb. O, sifariş etdiyi köynəyi "Smart Custom" vasitəsilə Gömrük Komitəsinə bəyan etdiyini bildirib: 

"1469 lirəlik (92 manat) köynək sifariş etmişdim. 03.06.2023-cü il tarixində rəsmi olaraq "Smart custom" vasitəsilə bəyan etmişəm. Həmin tarixdən etibərən bağlamanı izləmək mümkün olmayıb. Gah dedilər gəlməyib, gah dedilər, xarici anbardadır. Nəhayət dünən bildim ki, Gömrük Komitəsinin Hava Limanında olan terminalında qanunsuz olaraq 38 gün saxlanılır. Gəldim, deyirəm niyə saxlamısınız. Deyir bəyan edilməyib. Dərhal "Smart Custom" mobil əlavəsi ilə sübut etdim ki, bəyan edilib". 

Vəkil ondan məhsulun anbarda saxlandığı müddət üçün 82 manat qanunsuz olaraq pul tələb edildiyini qeyd edib:

"İndi də mənə deyirlər ki, 82 manat artıq pul ödəməlisən. Deyirlər ki, kargoda 38 gün saxlanılıb, icarə haqqıdır. Bağlamanın çəkisi cəmi 380 qramdır. Qanunsuz olaraq gömrük bağlamanı daşıyıcı şirkətə vermədiyi üçün 38 gün ərzində terminalda saxlanılıb, adını da qoyublar smart gömrük xidməti. İnsanların zamanını, əsəbini korlayaraq edilən qanunsuzluqlar bəs deyil, hələ əsassız yerə 82 manat əlavə ödəniş də tələb edirlər".

O, həmin köynəkdən imtina etdiyini vurğulayıb:

"Burdan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova bəyan edirəm, həmin köynəyi Sizə səmimi qəlbdən bağışlayıram, Sizin idarə qanunsuzluq etsə də, mən tam qanuni şəkildə bu qısaqol köynəyi Sizə bağışlayıram. Hər ikimiz eyni ölçüdəyik. Əminəm ki, Sizə yaxşı yaraşacaq. Ən əsası bağışlamağım tam qanuni və səmimidir. Xeyirli işlərə geyinəsiniz. Əminəm ki, əyin-baş probleminiz "Smart Custom" tətbiqi vasitəsilə tam təmin edilir".


Geri dön