Ana Sayfa > Karusel / Siyasət / Region > Putindən taxıl sazişi ilə bağlı MESAJ – Qərb “YOX” deyir
Putindən taxıl sazişi ilə bağlı MESAJ – Qərb “YOX” deyir19-07-2023, 11:36. Yazar: Admin |
Kreml sahibi Vladimir Putin Ukrayna ilə taxıl anlaşmasını uzatmayıb, ancaq “bu məsələyə qayıda bilərik” cümləsiylə beynəlxalq aləmə mesaj göndərib.
Qarabaginfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun fikrincə, bununla Rusiya Prezidenti demək istəyib ki, onun tələbləri yerinə yetirilsə, taxın sazişinin müddətini bir neçə ay uzada bilər.
"Putin Ukrayna taxılının dünya bazarlarında satılması halında Rusiyanın kənd təsərrüfatı məhsullarının Qara dəniz üzərindən satıla bilmədiyini söyləyib. Putin bu səbəbdən anlaşmanı uzatmadığını vurğulayıb. Qərb Putinin şərtlərini yerinə yetirməyəcək. Anormal durumdur. Əslində taxıl sazişinin mahiyyəti budur ki, Rusiya hərbi gəmiləri Ukrayna limanlarını və bu limanlardan dünya bazarlarına taxıl daşıyan gəmiləri hədəf almamalıdır. İndi belə çıxır ki, anlaşma uzadılmayıbsa, Ukrayna limanlarından dünya bazarlarına taxıl ixrac etmək istəyən gəmilər hədəf halındadır. Kreml Ukraynanı əsas gəlir mənbəyindən məhrum etmək istəyir", - deyə politoloq taxıl sazişi ətrafında cərəyan edən prosesləri şərh edib.
Qeyd edək ki, Rusiya iyulun 17-də Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixrac etməyə imkan verən sazişdə iştirakını dayandırıb. Kreml sazişin Rusiya ilə bağlı hissəsinin yerinə yetirilmədiyini iddia edib.
Sazişin bağlanmasında vasitəçilik edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacağını bildirib. "Vladimir Putinlə "Taxıl sazişi"nin uzadılmasını yenidən müzakirə edəcəyik. Putinin "Taxıl sazişi"nin uzadılmasını istədiyini bilirəm", - Ərdoğan deyib.
Ukrayna lideri Volodimir Zelenski bildirib ki, əslində Rusiya Ukrayna ilə deyil, Türkiyə və BMT ilə imzaladığı sazişi pozub.
“Bizim iki razılaşmamız vardı: Ukrayna, Türkiyə, BMT; digər razılaşma isə Rusiya, Türkiyə, BMT-dir. Ona görə də Rusiya iştirakını dayandırdığını deyəndə, BMT-nin Baş katibi Quterreş və Prezident Ərdoğanla razılaşmalarını pozur, bizimlə yox. Rusiya ilə bizim heç bir razılaşmamız olmayıb”, - deyə Zelenski vurğulayıb. O diqqətə çatdırıb ki, Ukrayna taxıl sazişini davam etdirməyə hazırdır, lakin bunun üçün Türkiyə və BMT-dən cavab lazımdır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Moskvanın sazişə qayıtması şərtini açıqlayıb. Ötən gün mətbuata açıqlama verən Putinin sözçüsü deyib ki, sazişin Rusiya ilə bağlı hissəsi həyata keçirilən zaman Moskva dərhal taxıl sazişinə qayıdacaq.(Modern.az ) Geri dön |