Ana Sayfa > Karusel / Region > Erməni deputat: Meğridə dəhliz olmayacaq

Erməni deputat: Meğridə dəhliz olmayacaq


11-07-2023, 13:59. Yazar: Admin

Erməni deputat: Meğridə dəhliz olmayacaq “Ermənistan və erməni xalqı üçün Meğri qırmızı xətdir, Meğridə dəhliz olmayacaq”.

Bunu Ermənistan parlamentində hakim fraksiyanın deputatı, müdafiə nazirinin keçmiş müavini Qagik Melkonyan AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna müsahibəsində Rusiyanın Azərbaycan və Naxçıvanı birləşdirən yolda öz sərhədçilərini yerləşdirmək istəyini şərh edərkən deyib.

Melkonyanın sözlərinə görə yollar və kommunikasiyalar açıla bilər, amma bunlar rusiyalıların yox, Ermənistanın nəzarətində olmalıdır. İqtidar deputatı bildirib ki, Rusiya tərəfi bir vaxtlar Yexeqnadzor və Cermıxda bazalar qurub, Syunikə çox sayda qoşun göndərib, amma bu qoşun “heç nəyə qarışmayıb”.

Melkonyanın sözlərinə görə bunun əksi baş verib. 2022-ci ilin sentyabrında Azərbaycan Cermıx, Vardenis istiqamətində hücum edib əraziləri nəzarətə götürməzdən bir neçə saat əvvəl rusiyalılar bazalarını yığışdırıb gediblər.

Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda parlamentin 44 günlük müharibəni araşdıran təhqiqat komitəsinin iclasında demişdi ki, 2020-ci ilin noyabrında müharibə qurtaranda, danışıqlar zamanı Ermənistanın Meğri rayonunda sülhməramlıların yerləşdirilməsi onun üçün qırmızı xətt idi.

Onun sözlərinə görə Putinlə uzun müzakirələrdən sonra 7 rayonun Azərbaycana qaytarılması, Laçında dəhlizin yaradılması, orada və Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsinə dair razılıq əldə olunub.

Azatutyuna müsahibəsində Melkonyan deyib ki, atəşkəs barədə 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərinə yalnız Ermənistan əməl edir, Yerevan bütün bəndləri yerinə yetirib, halbuki Bakı bu bəndlərin heç yarısına da əməl etməyib. “Biz Xtsaberdi (Xocavənd rayonunun Çaylaqqala kəndi-red), başqa əraziləri verdik, amma rusiyalılar bu əraziləri tədricən azərbaycanlılara verdilər. Rusiyalılar Laçın dəhlizini də verdilər, hər şeyi verdilər, müqavilənin bir bəndini də müdafiə etmədilər. İndi Laçın dəhlizi ilə bağlı problem var. Onların bütün məqsədi dəhlizi azərbaycanlılara verməkdir. Biz başa düşməliyik ki, güclü olmalıyıq, yol verməməliyik ki, orda hansısa qoşunlar olsun. Bu bizim ərazimizdir, biz öz ərazimizi qorumalıyıq. Biz özümüz orda təhlükəsizliyi təmin etməliyik”.

Lakin deputatın dediklərinə rəğmən rəsmi Bakı bildirir ki, Yerevan özünün əsas öhdəliyinə - qoşunlarını Qarabağdan, Azərbaycan ərazisindən çıxarmaq öhdəliyinə əməl etməyib. Ermənistan bildirib ki, onun Qarabağda qoşunu yoxdur və oradakı silahlı qüvvələr Qarabağ ermənilərinin müdafiə ordusudur.

Azərbaycan bu iddianı rədd edir və üstəlik bildirir ki, Qarabağdakı bütün silahlılar qanunsuz hərbi birləşmənin döyüşçüləridir. Azərbaycan rəsmiləri bəyanatlarında Azərbaycanla Naxçıvanı birləşdirən yolu "Zəngəzur dəhlizi" adlandırırlar. Rəsmi Yerevan bu termini qəbul etmədiyini bildirir.


Geri dön