Ana Sayfa > Karusel / Dünya > Rusların Avropaya əsas “pəncərəsi” bağlanır- Ən çox Şengen vizası verən konsulluq fəaliyyətini dayandırır

Rusların Avropaya əsas “pəncərəsi” bağlanır- Ən çox Şengen vizası verən konsulluq fəaliyyətini dayandırır


7-07-2023, 13:13. Yazar: Admin

Ruslara ən çox Şengen vizası verən konsulluq payızda bağlanacaq.

Qarabaginfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürüb.

Hökumət bunu Finlandiya hakimiyyətinin qeyri-dost hərəkətlərinə və ruslara qarşı ayrı-seçkiliyə cavab olaraq etdiyini bildirir. Eyni zamanda, dünən Finlandiyanın Rusiyadakı səfirliyinin və Finlandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun 9 əməkdaşı “persona non-qrata” elan edilib.

İyunun sonunda Finlandiya rəsmiləri Şengen vizalarının mülk sahiblərinə, tələbələrə və iş adamlarına verilməsinin kəskin azaldığını elan edib. Ölkə 2022-ci il sentyabrın 30-dan bəri ruslara turist vizası vermir, eyni zamanda rusiyalı turistləri sərhəddən keçirməyi dayandırıb.

90-cı illərdə Sankt-Peterburqdakı Baş Konsulluq bir çox ruslar üçün “Avropaya pəncərə” olmuş, bu şəhərin və Leninqrad vilayətinin sakinlərinə uzunmüddətli vizalar verməyə başlamışdı. Ərizəçilər üçün tələblər minimal, imtina faizi çox aşağı idi. Ona görə də Sankt-Peterburq sakinlərinin Finlandiyaya ərzaq almaq üçün getməsi adi hala çevrilmişdi. 2001-ci ildə Finlandiya Şengen zonasına daxil oldu və konsulluq uzunmüddətli çoxsaylı Şengen vizası verməyə başladı.

Son vaxtlara qədər ruslara ən çox Şengen vizası verən məhz bu baş konsulluq idi. Məsələn, 2019-cu ildə orada 643 000-dən çox viza verilib. 2022-ci ildə ruslara Şengen vizalarından imtina faizi artdı.

Sankt-Peterburqdakı Baş Konsulluğun bağlanması ilə onun Kareliyadakı filialları da bağlanacaq. Sankt-Peterburqdakı viza müraciəti mərkəzi yerli baş konsulluğun bağlanmasından sonra vizaların verilməsinin necə təşkil olunacağını izah edə bilməyib. Finlandiyadakı Baş Konsulluqdan bildiriblər ki, konsulluqda bu mərkəzin taleyi hələ həll edilməyib.


Geri dön