Ana Sayfa > Karusel / Siyasət > “İlham Əliyevin liderliyi Qoşulmama Hərəkatını alternativ güc mərkəzinə çevirib”
“İlham Əliyevin liderliyi Qoşulmama Hərəkatını alternativ güc mərkəzinə çevirib”6-07-2023, 17:19. Yazar: Admin |
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü ilə bağlı yazı hazırlayıb.Qarabaginfo.az həmin məqaləni təqdim edir: “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edib və daha sonra yekdilliklə Azərbaycanın sədrliyi daha bir il uzadılıb. 2019-2023-cü illər ərzində Azərbaycanın Qoşulmama Hərəkatına dörd illik sədrliyi dövründə təşkilat sönük və zəif bir qurumdan dünyada alternativ güc mərkəzinə çevrilib və demək olar ki, artıq formalaşmaqda olan çoxqütblü dünya düzənində özü bir qütb kimi meydana çıxmaqdadır. Bu qənaəti Qoşulmama Hərəkatının əsaslandığı məşhur Banduq Prinsiplərinin 1955-ci ildə qəbul edilməsi ilə başlayan tarixinə nəzər yetirməklə əsaslandırmaq olar. Qoşulmama Hərəkatının yaranması əsas etibar ilə İkinci Dünya Müharibəsindən sonra müstəmləkəçiliyə qarşı mübarizə nəticəsində müstəmləkəçilikdən azad olmuş və müstəqilliyini əldə etmiş ölkələrin öz suverenlik və istiqlallarını qorumaq, eləcə də Soyuq Müharibə dövründə dünyada hökmran olan iki qütb arasında qarşıdurmada alətə çevrilməmək və əzilməmək məqsədindən irəli gəlmişdir. Qoşulmama Hərəkatın ilk günlərdən suverenlik, ərazi bütövlüyü, daxili işlərə qarışmama kimi prinsipləri əldə rəhbər tutmuşdur. Lakin qurumun fəaliyyəti uzun müddət ərzində mahiyyət etibarı ilə müzakirə platforması olaraq davam etmişdir, real gücə çevrilə bilməmiş, daha çox mövcud dünya düzənini diktə edən güclərə qarşı müqavimət göstərmişdir. Keçmiş SSRİ-nin dağılması, Soyuq Müharibənin bitməsi və ikiqütblü dünya düzənin sona çatmasından sonra isə Qoşulmama Hərəkatı sanki aktuallığını itirmiş, sönük, zəif və səsi eşidilməyən bir platforma kimi xarakterizə olunmuşdur. Hərçənd, BMT-dən sonra dünyada ikinci ən böyük qurum olmasına və özündə yüzdən artıq ölkəni birləşdirməsinə görə, onun potensialı böyük olmuşdur. Amma bu potensial onilliklər ərzində reallaşdırılmamışdır. Təbii ki, bunun bir sıra səbəbləri var idi. Qoşulmama Hərəkatı üzvləri arasında müəyyən ziddiyyətlərin olması, öz üzərinə məsuliyyət götürəcək lider dövlətin olmaması, BMT-nin və böyük güc və imkanlara malik olan digər beynəlxalq təşkilatların fonunda zəif qalması və sair səbəbləri qeyd etmək olar. Bu gün tam əminliklə bəyan etmək olar ki, 2019-cu ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi ilə qurumun tarixində tamamilə yeni, enerjili və fəal bir dövr başlanmışdır. Qoşulmama Hərəkatının qlobal məsələlərdə fəal iştirakı və ciddi mövqe ortaya qoyması, institusional inkişaf, o cümlədən qurumun təşkilatlanması və strukturunun genişlənməsi, dünya düzənində özünə layiqli rol oynamaq iddiasını praktik addımlarla ortaya qoyması xüsusilə vurğulanmalıdır. Bütün bunlar da Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin təşəbbüsü və liderliyi ilə həyata keçirilmişdir. Qeyd olunan məsələlərlə bağlı konkret nümunələrə nəzər yetirək. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı COVİD-19 pandeymiyasının alovlanmasından dərhal sonra bu fəlakətlə mübarizədə ön plana çıxdı, “peyvənd millətçiliyinə” qarşı kəskin mövqe sərgilədi və bütün ölkələr üçün peyvəndlərin əlçatanlığına çağıran iki qətnamənin BMT tərəfindən qəbul edilməsinə nail oldu. Beləliklə, Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq effektiv qlobal liderlik nümayiş etdirildi. Post-pandemiya dövründə kasıb ölkələrə dəstək verilməsi məsələsini də Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı dünyanın diqqət mərkəzinə gətirib. Digər tərəfdən, Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının institusional inkişafını hədəfləyən ciddi addımlar atılıb: Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı təsis edilib. İnstitusional inkişaf istiqamətində təşəbbüs və tədbirlər davam etdirilir. 5 İyulda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə Prezident İlham Əliyev təşkilatın bundan sonrakı fəaliyyətinin ana xətləri kimi xarakterizə oluna biləcək bəyanatlar verdi. O, BMT-nin artıq müasir dövrün reallıqlarına uyğun olmadığını və buna görə də ciddi islahatlar aparılmalı olduğunu bildirdi. Eləcə də, Fransanın nümunəsində baş qaldıran neokolonializm, yəni yeni müstəmləkəçilik meyllərinin qarşısının alınması zərurətini vurğuladı. Prezident İlham Əliyev dünyada multilateralizmin inkişafının vacibliyini və bu mənada Qoşulmama Hərəkatının öz layiqli yerini tutmasını zəruri olduğunu bəyan etdi. BMT-də islahatların aparılması məhz effektli multilateralizmin bərqərar olması və nəticə etibarı ilə neokolonializm meyllərinin aradan qaldırılması baxımından son dərəcə önəmlidir. Beləliklə, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı qısa müddət ərzində böyük inkişafa nail olub və zəif, sönük bir qurumdan mühüm, alternativ güc mərkəzinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qoşulmama Hərəkatına qoyduğu miras təşkilatın gələcək inkişafı üçün fundamental baza kimi çıxış edir və Prezident İlham Əliyevin bəyan etdiyi prioritetlər təşkilatın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir”. Geri dön |