Ana Sayfa > Karusel / Qarabağ > Dövlət sərhədini pozan erməni diversantlar ifadə verdilər

Dövlət sərhədini pozan erməni diversantlar ifadə verdilər


5-07-2023, 17:58. Yazar: Admin

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Qarabaginfo.az xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər sərbəst ifadə veriblər.

Məhkəmənin növbəti iclası iyulun 6-na təyin edilib.

 

09:33

Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı olan hərbi qulluqçular - Arutyun Yurikoviç Ovagimyan və Karen Aşotoviç Kazaryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktının elan olunacağı, təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadə verəcəkləri gözlənilir.

Xatırladaq ki, iş üzrə dörd nəfər azərbaycanlı - Eltun Sərkərli, Rza Allahverdiyev, Asif Babaşov və İbrahim Şıxlarov - zərərçəkən kimi tanınıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktına dair Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla müəyyən olunub ki, Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçular - Arutyun Yurikoviç Ovagimyan və Karen Aşotoviç Kazaryanın qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cari il mayın 26-sı saat 19 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini qanunsuz əldə etdikləri odlu silah və döyüş sursatları ilə Dövlət Sərhəd Xidmətinin Zəngilan sərhəd dəstəsinin xidmətdə olan hərbi qulluqçularına qarşı zor tətbiq etməklə qanunsuz keçiblər. Onlar odlu silah və döyüş sursatlarını qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə Zəngilan rayonunun Rəzdərə kəndinə keçirməklə ölkəmizdə terror aktı törədəcəkləri ilə hədələyib, bu məqsədlə Azərbaycanın Zəngilan rayonunun Rəzdərə kəndi ərazisində yerləşən və dövlət sərhədini mühafizə edən Azərbaycanın hərbi hissəsinin hərbi qulluqçularına silahla atəş açaraq hücum ediblər.

İstintaqla, həmçinin, müəyyən edilib ki, ordumuzun hərbi qulluqçuları tərəfindən hücumlarının qarşısı qətiyyətlə alınaraq qaçmağa çalışan erməni diversiya qrupunun adları qeyd olunan üzvləri saxlanılan zaman Arutyun Ovagimyandan cinayətin aləti olan bir ədəd “Kalaşnikov” markalı AKM modelli odlu silah və içərisində 10 ədəd 5,45 mm kalibrli döyüş patronları olan bir ədəd daraq götürülüb.

Arutyun Ovagimyan və Karen Kazaryana Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə yekun ittihamlar elan edilərək cinayət işi 21 iyun 2023-cü il tarixdə baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilib. /APA



Geri dön