Ana Sayfa > Karusel / Siyasət > Rüşvət alan iki vəzifəli şəxs həbs edilib
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib4-09-2020, 14:36. Yazar: Admin |
Təkmil torpaq bazarının formalaşdırılması və torpaq resurslarından səmərəli istifadə ölkə iqtisadiyyatının və aqrar sektorun dayanıqlılığını şərtləndirən əsas hədəflər sırasında olmaqla bu strateji sahə üzrə münasibətləri tənzimləyən dövlət siyasətində mütərəqqi və sistemli yanaşma tətbiq olunur. Qarabaginfo.az xəbər verir ki, baş Prokurorluq və İqtisadiyyat Nazirliyindən APA-ya daxil olan birgə məlumatda deyilir ki, bəzi hallarda ayrı-ayrı vəzifəli şəxslər tərəfindən qeyd edilən sahədə vətəndaşlarla dövlət arasında olan nizamlı ictimai münasibətlərə qəsd edən qanunsuz hərəkətlərə də təsadüf olunur ki, belə halların aşkara çıxarılaraq kəsərli təsir tədbirlərinin görülməsi istiqamətində Azərbaycan Respublikasının prokurorluq orqanlarının intensiv fəaliyyəti davam etdirilir. Belə tədbirlərdən biri kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin vəzifəli şəxsləri tərəfindən vətəndaşa məxsus Abşeron rayonu, Mehdiabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılmış qanunsuz tikintiyə görə cərimə edilməməsi və gələcəkdə həmin tikintinin sökülməməsi müqabilində ondan 1000 manat məbləğində pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində 02 sentyabr 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Poladov Anar Tofiq oğlu həmin şöbənin inzibati binasında qabaqcadan əlbir olduğu həmin şöbənin baş məsləhətçisi Səbuhi Rzayevin tələb etdiyi 1000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb. Qeyd edilən fakta görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır. İş üzrə toplanmış ilkin sübutlar əsasında Anar Poladov və Səbuhi Rzayev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda təqsirləndirilən şəxslərin fəaliyyətində başqa qanun pozuntularına yol verilib-verilməməsinin araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir. Geri dön |