Ukraynadakı vəziyyət regional münaqişə deyil, Qərblə dünyanın qalan hissəsi arasında total qarşıdurmadır.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “Rossiyskaya qazeta”ya yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, qərblə dünyanın qalan hissəsi arasında qarşıdurma onilliklərlə davam edə bilər:
“Qərblə digər ölkələr arasında mövcud qarşıdurma üçüncü dünya müharibəsi astanasına gətirib çıxarıb. Üçüncü dünya müharibəsində qaliblər olmayacaq – Yer kürəsinə nüvə qışı, epidemiyalar və aclıq gələcək”.
Rusiyalı siyasətçi hazırda dünyada yaranmış vəziyyətin Karib böhranından daha təhlükəli olduğunu söyləyib: “Bugünkü böhrandan çıxış yolu yalnız kompromislərin axtarışı, təhlükəsiz və bərabərhüquqlu dünyanın yeni konturlarının yaradılması ola bilər. Rusiya ağlabatan kompromislər axtarmağa hazırdır, lakin onun üçün prinsipial məqamları nəzərə almaqla bu mümkündür”.
Medvedevin sözlərinə görə, Rusiya Federasiyası ilə Qərb arasında total qarşıdurmanın nəticələri Helsinki Aktı kimi yeni sənəddə öz əksini tapmalıdır.
“Qərb siyasətçiləri yadda saxlamalıdırlar ki, onların Rusiyaya qarşı təxribatları həddi aşsa, Moskvadan sərt cavab gələcək. Qərb “anti-Rusiya” yaratmaq fikrindən əl çəkməlidir, əks halda hər şey çox pis bitəcək”.
Medvedev qeyd edib ki, Moskva Finlandiya, Polşa, Baltikyanı ölkələr, Böyük Britaniya ilə diplomatik əlaqələri dayandıra bilər. (APA)